Ötən il “Bakı KOB evi”ndə sahibkarlıq subyektlərinə 288 255 xidmət göstərilib ki, onlardan 268 927-si (93,29 %) dövlət qurumlarının (“G2B”), 19 328-i (6,71 %) isə özəl qurumların (“B2B”) xidmətləridir.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.
Məlumata görə, bu xidmətlərin 266 mindən çoxunu beş dövlət qurumu göstərib.
“Bakı KOB evi”nə müraciət edən sahibkarların çox hissəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətləri üçün müraciət edib – 233 751 (87,96 %) xidmət. Növbəti yerləri 22 165 (7,69 %) xidmətlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, 5 662 (1,96 %) xidmətlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 3 114 (1,08 %) xidmətlə Dövlət Gömrük Komitəsi, 1 424 (0,49 %) xidmətlə Fövqəladə Hallar Nazirliyi tutub. Sahibkarlar adıçəkilən qurumlara biznes fəaliyyəti üçün zəruri olan lisenziya və icazələr, mənşə sertifikatı, yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları və digər sənədlərin alınması, vergi və gömrük məsələləri ilə bağlı müraciət ediblər.