“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun KOB sektorunun inkişafına, dövlətin dəstək tədbirlərinin yeni keyfiyyət səviyyəsinə yüksəlməsinə xidmət edəcək.

Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı üzrə Dövlət Agentliyinin (KOBİA), eləcə də Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) təşkilatçılığı ilə Bakıda “KOB-ların gücləndirilməsi: İqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusunda keçirilən İNSME-nin 18-ci illik toplantısında KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov bildirib.

“Artıq sənəd Milli Məclisdə iki oxunuşdan keçib. Ümumilikdə, KOB sektoru çox maraqlı, özünəməxsus mahiyyət və xüsusiyyətlərə malikdir. Resurs, ehtiyatlar və potensial baxımından iri şirkətlərdən çox vaxt geri qalmasına baxmayaraq, çeviklik və dinamiklik KOB sektorunu xarakterizə edən əsas üstün cəhətlərdir. Məhz KOB-lar böhranlar zamanı ilk zərbəni almasına baxmayaraq yeni şəraitə tez adaptasiya olur, çağırışlara cəld reaksiya verir, yeni ideyalar yaratmaqla bütövlükdə iqtisadiyyatları öz çiyinlərində irəli aparmaqda davam edirlər. Lakin bunun üçün onlara hədəfli diqqət və dəstək göstərilməsi tələb olunur. KOB-ların inkişafının dəstəklənməsi təkcə hökumətlərlə məhdudlaşmır. Bütün maraqlı tərəflər, geniş ictimaiyyət, akademik dairələr, beynəlxalq platformalar bu istiqamətdə cəhdlərini birləşdirməlidir”, – deyə o qeyd edib.

“Artıq 5 ilə yaxın müddətdir ki fəaliyyət göstərən KOBİA, mandatı çərçivəsində yerli və xarici bizneslərin ölkəmizdə fəaliyyətə başlaması və fəaliyyətlərinin genişləndirilməsi məqsədilə məlumatlandırma, maarifləndirmə, məsləhət və dəstək xidmətləri təmin edir. Bu baxımdan, pulsuz təlim və konsaltinq xidmətlərini əhatə edən KOB İnkişaf Mərkəzləri, vahid məkanda “G2B” və “B2B” xidmətləri göstərən KOB Evləri və yerlərdə birbaşa sahibkarlar ilə təmasda olan KOB Dostu şəbəkələri kimi platformalarımızı qeyd etmək olar. Eyni zamanda, daxili bazar araşdırmaları, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üzrə qrant proqramı, vergi güzəştlərini əhatə edən Startap şəhadətnaməsinin verilməsi, iri ticarət şəbəkələrinə çıxış üzrə dəstək tədbirləri bizneslərin inkişafı üçün səmərəli mexanizmlərdir”, – deyə O.Məmmədov əlavə edib.

İstinadlar Report