
Bu gün dünyada baş verən proseslər göstərir ki, iqtisadi tərəqqi kapital və təbii sərvətlərdən deyil, insan zəkası və innovasiyalardan asılıdır.
Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən İnsan İnkişaf Forumunda bildirib.
Onun sözlərinə görə, hər bir ölkənin prioriteti isə yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır: “Müxtəlif ölkələrin bügünkü uğurlu və davamlı iqtisadi yüksəlişi insan kapitalının məqsədyönlü inkişafı hesabına əldə edilib. Bu gün müasirləşən cəmiyyətlərdə bilik və bacarıqlar kapital sayılır və iqtisadiyyatın əsas resursuna çevrilir”.
O. Məmmədov deyib ki, son illər ölkəmizdə biznes mühitinin daha da yaxşılaşdırılması üçün mühüm işlər görülüb, əhəmiyyətli islahatlar həyata keçirilib, bu proses davam etməkdədir: “Ölkəmizdə insan kapitalının inkişafı və beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması məqsədilə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan kapitalı” İşçi qrupunun fəaliyyətini xüsusi qeyd etmək olar. Bu işçi qrupunda KOBİA da təmsil olunur. Bu fəaliyyətlər nəticə olaraq strateji qərarların qəbuluna və praktik həllərin tətbiqinə töhfə verir. Sahibkarlıq bir proses olaraq insanı uğurlu iş adamına çevirən müəyyən mərhələləri və keyfiyyətləri özündə əks etdirir. Sahibkar olmaq üçün yalnız biznes bilikləri deyil, eyni zamanda düşüncə tərzi, xarakter və praktiki təcrübə də vacibdir. Bu keyfiyyətlərin erkən yaşlardan formalaşması uzunmüddətli uğurun açarıdır”.