İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ictimai nəzarətin təmin olunmasında, işgüzar dairələrin məlumatlandırılmasında, biznesin müxtəlif sahələri üzrə ictimai fikrin öyrənilməsində maraqlıdır.

Bunu Beynəlxalq Əczaçı Günü münasibətilə KOBİA-nın dəstəyi ilə keçirilən Respublika Əczaçılarının III konfransında Agentliyin sədri Orxan Məmmədov deyib.

“Mütəmadi olaraq KOBİA-nın təşkilatçılığı ilə iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən kiçik və orta biznes subyektlərinin, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə mütəmadi olaraq müzakirələr təşkil edilir. Bu məqsədlə ötən dövr ərzində KOBİA-nın və aidiyyəti qurumların təşkilatçılığı ilə müxtəlif mövzularda, o cümlədən tibb biznesinə dair forum və digər tədbirlər təşkil edilib. Bu görüşlərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan KOB-ların fəaliyyətinin təşviq edilməsi, bu sahədə çətinliklərin öyrənilməsi və müvafiq qurumlarla əlaqələndirmə işlərinin qurulması təşkil edilib”, – deyə o, qeyd edib.

O.Məmmədovun sözlərinə görə, əczaçılıq sektorunda fəaliyyət göstərən biznes subyektləri KOBİA-nın bir sıra dəstək və xidmətlərindən faydalana bilərlər: “Müxtəlif regionları əhatə edən KOB İnkişaf Mərkəzləri, KOB Evləri və KOB Dostu şəbəkəmiz bizneslərin inkişafının bütün mərhələlərində onlara xidmət edən və təşəbbüslərin reallaşdırılmasına yardım edən mühüm infrastruktur vasitələridir. Həmçinin, daxili bazar araşdırmaları, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi, Startap şəhadətnaməsi, sərgilərdə iştirak, iri ticarət şəbəkələrinə çıxış və s. istiqamətlərdə müvafiq dəstək alətlərimiz mövcuddur. Düşünürəm ki, əczaçılıq sektorunda fəaliyyət göstərən şirkətlərin, aidiyyəti maraqlı tərəflərin və qurumların nümayəndələrinin iştirakı ilə keçirilən hazırkı konfrans birgə fikir mübadiləsinin aparılması, eləcə də sektorun inkişaf perspektivlərinin və qarşıda duran çağırışların müəyyən edilməsi istiqamətində əlverişli platforma təmin edəcəkdir. Əminəm ki, dövlət-sahibkar tərəfdaşlığı çərçivəsində birgə səylərimiz nəticəsində əczaçılıq sektorunda yeni-yeni uğurlu biznes layihələrinin reallaşmasının şahidi olacağıq”.

İstinadlar Report