
Xəbər verdiyimiz kimi, bu gün Laçın şəhərinə və Zabux kəndinə növbəti köç karvanı yola salınıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya bildirilib ki, köç karvanı artıq Laçın rayonuna çatıb.
Qeyd olunub ki, Laçın şəhəri və rayonun Zabux kəndinə yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.
Bokitədən bildirilib ki, köçürülən ailələr vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra Prezidentin göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Qeyd edək ki, bu mərhələdə Laçın şəhərinə daha 20 ailə – 78 nəfər, Zabux kəndinə 4 ailə – 11 nəfər köçürülüb.
Bununla da Laçın şəhərində 451 ailənin, yəni 1705 nəfərin, Zabux kəndində 211 ailə, 808 nəfərin daimi məskunlaşması təmin edilib.