Millət vəkili Fazil Mustafa Polşada saxlanılan Qubadlının sabiq icra başçısı, Ukrayna vətəndaşı olan siyasi fəal Elxan Nuriyevlə bağlı paylaşım edib.

Fazil Mustafa vaxtilə Elxan Nuriyevin işi ilə bağlı hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri ilə müzakirələr apardığını bildirib:

“Vətənpərvər soydaşımız Elxan Nuriyevin Polşada saxlanması haqlı olaraq hamımızda narahatlıq yaradıb. Axtarışa Azərbaycan tərəfindən verilib, 1993-cü ildə baş verən hadisələrlə bağlı ittiham olunduğu maddələr var. Bu barədə vaxtilə hüquq-mühafizə orqanlarının rəhbərliyi ilə müzakirə də aparmışam. Əminəm ki, onun təqsirsizliyi haçansa məhkəmədə sübuta yetiriləcək. Elxan bəy Ukraynada Azərbaycanı təbliğ edən tanınmış simalardan biridir. Ümid edirəm ki, hüquq-mühafizə orqanlarımız xeyirxahlıq addımı ataraq bu problemin çözülməsinə çalışacaq və Elxan bəy Ukrayna üçün bu ağır günlərdə öz fədakar çalışmalarına davam edəcək”.

Qeyd edək ki, Azərbaycan tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş 1962-ci il təvəllüdlü Elxan Piri oğlu Nuriyev bir neçə gün əvvəl Polşada tutulub. Hazırda Ukrayna vətəndaşı olan sabiq icra başçısının Azərbaycan CM-nin 120 (Qəsdən adam öldürmə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham edildiyi və barəsində məhkəmə tərəfindən həbs qərarının çıxarıldığı bildirilib.

O, 1992-1993-cü illərdə Qubadlı RİHin başçısı olub. Gəncə qiyamından bir müddət sonra Ukraynaya qayıdıb. Bir neçə il əvvəl E.Nuriyev Ukraynanın sabiq prezidenti Petro Poroşenkonun sərəncamı ilə Ukrayna təhsil nazirinin müşaviri və Ukrayna rektorların attestasiya komissiyasının sədri vəzifəsinə təyin olunub.

Hazırda Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri olan E. Nuriyev tez-tez yutubun Azərbaycan seqmentində yayımlanan bir sıra verilişlərdə hərbi ekspert kimi çıxış edib. O, ekspert kimi əsasən Ukraynada gedən proseslər, bu ilin fevralından başlayan Rusiya-Ukrayna müharibəsi ilə bağlı şərhlər verib.