Böyük Britaniyanın “OneWeb” şirkəti kosmik internetin ilk sınağının nəticələrini dərc edib. Bağlantı bir müddət əvvəl aşağı orbitə çıxarılan peyklər vasitəsilə qurulub. Peyklər qruplaşması perspektivdə planetin istənilən nöqtəsində genişzolaqlı internetə çıxışı təmin edəcək.

Test zamanı məlumatların 400 Mbit/saniyə sürətində ötürülməsi qeydə alınıb, yubanma göstəricisi 40 milli-saniyə təşkil edib. Hazırda orbitə 6 ədəd “OneWeb F6” peyki çıxaran şirkət gələcəkdə onların qruplaşmasını bir neçə yüzədək artırmağı planlaşdırır. Sınaqlar “OneWeb” istifadəçiləri üçün terminallar hazırlayan və istehsal edən “Intellian” şirkəti və bağlantının qurulması üçün test modemi hazırlayan “SatixFy” şirkəti ilə əməkdaşlıqda aparılıb. “OneWeb” rəhbəri Adrian Ştekelin sözlərinə görə, şirkət kosmik interneti yaxın 2 ildə kommersiya istifadəsinə verəcək.

Bildirilir ki, 2019-cu ilin dördüncü rübündən etibarən orbitə hər ay eyni anda 30 peykin çıxarılması planlaşdırılır, 2021-ci ilədək isə internetə qlobal çıxışı təmin edən 650 peykdən ibarət strukturun yaradılması nəzərdə tutulur. Tələbat yüksək olacağı təqdirdə onların sayı 1980-dək artırıla bilər. Peyklərin hər biri Yerlə Ka diapazonunda (20-30 QHs radiotezliyində) və Ku diapazonunda (11-14 QHs radiotezliyində) rabitəni təmin edəcək.

Oxumağa dəyər:   Hamilə xanımı üçün etdiyi hərəkətlə gündəm oldu - Fotolar+Video

“OneWeb” nümayəndələrinin sözlərinə görə, istifadəçilər perspektivdə 100 Mbit/saniyə (ən yüksək sürət 500 Mbit/saniyə) sürətində və 25-35 milli-saniyə yubanma vaxtı ilə stabil bağlantı ilə təmin ediləcəklər. Mövcud geostasionar peyk rabitə sistemlərində orta yubanma vaxtı 300 milli-saniyə təşkil edir. Britaniya provayderinin rəqibi kimi artıq orbitə 60 peyk buraxan, lakin onların sınaqlarını indiyədək açıqlamayan “SpaceX” şirkəti çıxış edəcək.

Nizam Nuriyev

İstinadlar ict news