“Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal dövründə, habelə ondan sonrakı illərdə Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki ərazilərimizdə çoxsaylı minalar və partlamamış hərbi sursatlar mövcuddur, qarşı tərəf isə hələ də onların xəritə-sxemləri barədə dəqiq məlumatları vermək istəmir”.

Bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva dekabrın 4-da Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, statistik məlumatlara əsasən, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan indiyədək arasında mülki şəxslərin üstünlük təşkil etdiyi 65 nəfər mina partlayışı nəticəsində həlak olub, 272 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb: “Ümumilikdə 1991-ci ildən bu günə kimi 357 nəfəri uşaqlar, 38 nəfəri isə qadınlar olmaqla 3416 nəfər minadan zərərçəkən qeydə alınıb”.

İstinadlar Report