Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva beynəlxalq təşkilatlara Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən işğal dövründə və daha sonra basdırılan minaların səbəb olduğu insan təlafatı ilə bağlı Ad hoc hesabat ünvanlayıb.

Ombudsman Aparatında verilən məlumata görə, hesabatda Ermənistanın Azərbaycana qarşı yürütdüyü etnik təmizləmə və işğal siyasətinin nəticələri ilə yanaşı, düşmən tərəfin silahlı qüvvələrinin və diversant qruplarının həm Ermənistan-Azərbaycan hərbi münaqişəsi zamanı, həm də münaqişədən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə basdırdığı minaların partlaması nəticəsində baş verən çox sayda insan tələfatı barəsində məlumat verilib. Bundan əlavə, hesabatda Ermənistanın beynəlxalq hüquqla yanaşı, beynəlxalq humanitar hüquq norma və prinsiplərini pozması hüquqi cəhətdən əsaslandırılıb.

Hesabatın məqsədi Ermənistanın uzun müddət Azərbaycanın 20 faiz ərazilərini işğal altında saxladığı zaman mina və digər partlayıcı qurğular basdırması faktlarını, Ermənistan tərəfinin hələ də mina xəritələrinin hamısını verməkdən imtina edərək beynəlxalq humanitar hüquq norma və prinsiplərini pozduğunu dünya ictimaiyyətinə çatdırmaqdır.

İstinadlar Report