Artıq iki gündür ki, cəmiyyətimizdə gündəm və müzakirə mövzusu tam dəyişilib. Hamı ermənipərəst Fransanın, eynipərəst senatının, elə həminpərəst bir qətnaməsindən və ya kağızından danışır. 1958-ci ildə beşinci Respublika qurulduqdan sonra, Fransa parlamentinin yuxarı palatası olan həmin Senatda, bu günədək o kağız parçasından minlərlə qəbul edilmişdir. İndiyə qədər onlardan hansı birinin bizim həyatımıza cüzi də olsa, təsiri olmuşdur? Heç birinin!

Onu da qeyd edim ki, məhz bu beşinci Respublikanın yaradıcısı və Azərbaycanla da bağlı mühüm tarixi xatirələri olan Prezident Şarl de Qoll, dünyanın əksər dahi şəxsiyyətləri tərəfindən haqlı olaraq “sonuncu böyük fransız” adlandırılmışdır. Bununla bağlı, ingilis yazıçısı Çarlz Uilyams 1993-cü ildə “Sonuncu böyük fransız” adlı kitab da yazmışdır. Çünki ondan sonra Fransanı da, özlərinin fiziki və mənəvi cılızlıqlarına uyğun şəkildə kiçiltməkdə olan Ermanuel Makron kimilər idarə etməkdədirlər. Təbii ki, bu, demokratiyanın və insan hüquq və azadlıqlarının beşiyi iddiasında olan, ancaq əslində elə həmin məfhumların çatışmazlığından ciddi əziyyət çəkən, bütün mövcudluq tarixi soyqırımları və müstəmləkəçilik ləkələri ilə bol olan Fransanın və fransızların problemidir. Bizi maraqlandıran isə həmin cılız fransızların, üzərində yazılan kağızdan daha dəyərsiz sözlərdən ibarət olan qətnaməsi və buna aid cəmiyyətimizdə yaranan narahatlıqdır.

Əslində mən bununla bağlı o qədər də ciddi narahatlığın keçirilməsinə əsas görmürəm. Çünki ilk növbədə bu qətnamə ilə hələ ki, Fransa nəyi isə tanımağa cürət etmir, adından da göründüyü kimi (“Dağlıq Qarabağ Respublikası”nın tanınması zərurəti) tanımağı zəruri hesab etmək istəyir. Hətta tanısa belə, bu, ölü doğulmuş bir uşağa doğum haqqında verilən şəhadətnamə kimidir. Bu sənədi də qətnamə deyil, bu ölüyə “qətlnamə” hesab edə bilərik!

Bəs sizcə, Qarabağın de-fakto Ermənistanın nəzarəti altında olduğu otuz ilə yaxın bir dövr ərzində Fransa, niyə bu gün tanınmasını zəruri hesab etdiyi qənaətə gəlmədi? Niyə bu cür “mötəbər” sənədi qəbul etmək indi yadına düşdü?

Ona görə ki, Fransa 44 günlük şanlı ikinci Qarabağ müharibəsi dövründə Ermənistanın xeyrinə, arxasında heç bir real addımın durmadığı pafoslu guruldama prosesini hansısa bir sənədlə yekunlaşdırmalı idi. Bu addım, Fransanın həmişəki ki Hər iki mənada bizə aid olan ərazi ilə bağlı de-fakto və de-yure oyununu davam etdirir. Bizim ərazilərimizi işğal edən Ermənistana qarşı BMT TŞ-nın tam hüquqi əsaslı dörd qətnaməsindən ermənilər heç bir narahatlıq keçirmirdilərsə, biz də bu heç bir əsası olmayan kağıza görə o qədər də narahat olmamalıyıq. Biz özümüzə aid olan torpaqlarımızı aldıq, ermənilər də kağız-kuğuzlarını alsın.

Bu məsələdə əsas narahetidici məqam tamamilə başqa olmalıdır. Məlumdur ki, erməni lobbisi və diaspora təşkilatları Fransada çox güclü təsirə malikdir. Təbii ki, elə bu proses də onu göstərir ki, Makron bir Prezident kimi Fransa ermənilərinin siyasi əsirinə çevrilib. Bu da Fransanın və fransızların məsələsidir deyə bilərik. Ancaq sonradan səkkizinin verdiyi səsləri geri götürmələrinə baxmayaraq, ilk səsvermədə 306 senatordan yalnız birinin, Natali Qulenin qətnamənin əleyhinə səs verməsi bizi narahat etməlidir. Bizim xarici siyasət maşınımızın, onun qanadları olan diaspora və lobbi təşkilatlarımızın fəaliyyətlərinin qənaətbəxş olmadığına dəlalət edən bu məsələ ilə bağlı, həyəcan siqnalı verilməlidir.

İkinci Qarabağ müharibəsinə qədər dünya ictimaiyyətinin əhəmiyyətli hissəsinin nəinki problemin mahiyyəti ilə bağlı, hətta problemin coğrafiyası və mövcudluğu ilə bağlı məlumatsız olduğu da həqiqətdir. Ancaq bu 44 günlük müharibə ərəfəsində dünyanın aparıcı media qurumlarına geniş və müfəssəl müsahibələr verən Prezident İlham Əliyev, hərtərəfli olaraq Qarabağ probleminin görüntüsünü ciddi şəkildə məhdudlaşdıran siyasi, diplomatik və informasiya blokadasını məhv etdi. Bununla da ölkə başçısı Azərbaycanın əsas lobbiçisi və diasporu kimi aidiyyatı qurumlar və təşkilatların önünü tam şəkildə təmizləmiş oldu.

Elə bu istiqamətdə ilk ciddi narahatlığını da, məhz dövlət rəhbəri bu il 10 mart tarixində yeni seçilmiş Milli Məclisin ilk iclası zamanı bildirdi. Prezident nitqində qeyd etdi ki: “…Bütövlükdə beynəlxalq təşkilatlar çərçivəsində bizim fəaliyyətimiz daha məqsədyönlü olmalıdır. Orada bizi təmsil edən deputatlar fəal olmalıdırlar, turist kimi getməməlidirlər, sonra hesabat verməlidirlər ki, nə iş görmüsən, kiminlə görüşmüsən, hansı məsələni qaldırmısan. Yoxsa bəzi hallarda bu, turist səfərlərini xatırladır…”

Hazırkı biabırçı qətnaməyə gəldikdə isə, onun heç bir hüquqi və təsir qüvvəsinin olmadığını bizimlə yanaşı, həm Fransa, həm də Ermənistan çox yaxşı anlayır. Ancaq onu deyim ki, biz dövlət və xalq olaraq otuz ilə yaxın dünyanın ən mötəbər qurumunun qətnaməsinin icrasını gözləmişik. Sıra artıq məğlub düşmənimizdədir. Qoy Ermənistan dövləti və ermənilər də, bacardıqları qədər bu cür mənasız qətnamələrin qəbulunu və icrasını gözləsinlər.

Azərbaycan dövləti və xalqı isə özünün haqlı mövqeyində, haqq mübarizəsində və haqq elədiyi qələbəsini layiqincə yaşamaqda davam edir. Bu adi kağız parçasından heç bir fərqi olmayan qətnamə nədir ki?!

Biz təkcə Fransa Senatının, Parlamentinin və ya Fransa dövlətinin deyil, Fransanın özünün də, 75 ildir ki, daimi üzvü olduğu dünyanın ən böyük və mötəbər təşkilatı olan BMT Təhlükəszilik Şurasının otuz ilə yaxın dövr ərzində icra olunmayan dörd qətnaməsini icra edən dövlətik.

Uca Tanrı bu qələbəni bizə yaşadan şanlı Ordumuzu qorusun!

Politoloq Xəyal Bəşirov

İstinadlar Qafqazinfo