Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar bir sıra məhdudiyyətlər aradan qaldırılsa da, penitensiar müəssisələrə hələ də PCR testlə giriş qaydası qüvvədədir.

Həmin qadağa bir sıra vəkillər arasında narazılığa səbəb olub və onlar sosial şəbəkələrdə məhdudiyyətin ləğv edilməsinə dair fikirlər səsləndiriblər. Hüquq müdafiəçiləri ölkəyə girişdə ləğv edilən bu test tələbinin  penitensiar müəssisələrə girişdə saxlanılmasını lüzumsuz hesab edirlər.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”nun müraciətinə cavab olaraq bildirilib ki, sözügedən tələb infeksiyanın yayılma riskinin azaldılması məqsədilə ləğv edilməyib: “Son günlər penitensiar müəssisələrdə saxlanılan şəxslərlə görüşə gələnlər arasında, o, cümlədən vəkillər arasında tək-tək də olsa COVİD-19 infeksiyasına görə götürülmüş PCR yaxma nümunələrinin müayinə nəticələrində “pozitiv” hallar müşahidə edilib. Buna görə də kompakt saxlanılan məhkum və həbs edilmiş şəxslər arasında infeksiyanın yayılma riskinin azaldılması məqsədilə analizlərin aparılmasının davam etdirilməsi Nazirliyin tibb xidməti tərəfindən məqsədəmüvafiq hesab edilir”.

Nazirlik məsələnin Vəkillər Kollegiyası ilə razılaşdırıldığını qeyd edib.

Xatırladaq ki, bu ilin əvvəlində Ədliyyə Nazirliyi penitensiar müəssisələrdə daxil olmaq üçün vəkillərə, müstəntiqlərə və s. şəxslərə pulsuz PCR testi verilməsi imkanı yaradıldığını açıqlamışdı. Alternativ olaraq hər bir penitensiar müəssisədə ekspress test verilməsinin də mümkün olduğu bildirilmişdi.

Qeyd edək ki, Penitensiar müəssisələrdə PCR test tələbi Nazirlər Kabinetinin yox, Ədliyyə Nazirliyinin daxili qaydada tətbiq etdiyi məhdudiyyətdir.

Aprelin 15-dən etibarən Azərbaycana giriş üçün COVID-19-a dair PCR testin neqativ nəticəsini təqdim etmək tələbi ləğv olunub. 

Amin Nəzərli