“Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının keçirilməsi ilə həm də Azərbaycanın Avropa üçün əhəmiyyətini kiçiltmək, Azərbaycanın təklənməsi və təcrid olunması görüntüsü yaradılması cəhdləri iflasa uğradı. Bir daha sübut olundu ki, Azərbaycan Cənubi Qafqazda Avropa ilə əməkdaşlığı ən yüksək səviyyədə qurmuş ölkədir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin düşünülmüş uğurlu siyasəti Azərbaycanı Avropa üçün əvəzolunmaz tərəfdaşa çevirib:

“Hazırda Azərbaycan Avropa İttifaqına daxil olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Rusiya-Ukrayna müharibəsinin başlanması Azərbaycanın Avropa üçün əhəmiyyətini daha da artırıb”.

Bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında alternativsiz mənbəyə çevrildiyini deyən deputat qeyd edib ki, Avropa dövlətlərinin prezidentləri beynəlxalq tədbirlərdə Prezident İlham Əliyevi Avropada ən çox sevilən dövlət başçısı hesab edirlər:

“Azərbaycan yaşıl enerjisini Avropaya ixrac etməklə bu qitənin həyatına yeni imkanlarla daxil olur. Bu gün Bakıda baş tutan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərinin 1-ci iclaslarında müzakirə olunan məsələlər də Azərbaycanın Avropa üçün çox önəmli ölkə olduğunu sübut edir”.

İstinadlar Report