
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən istintaqı aparılmış cinayət işi üzrə xüsusilə külli miqdarda qaçaqmalçılıq və digər əməllərdə təqsirləndirilən Hidayətov Zöhrab Raqub oğlu, Şirinov Elvin Valeh oğlu və Hümbətov Qaçqın Şura oğlu barəsində məhkəmə prosesi davam etdirilib.
“Report”un yerli bürosu məlumat verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə baxış iclası keçirilib.
Məhkəmə şahid ifadələri ilə davam edib. Şahid kimi ifadə verən İbrahim İbrahimov bildirib ki, Azərbaycandan xaricə maşınlarla meyvə-tərəvəz ixrac edir. İxrac olunan malları sənədləşdirmək üçün Rusiya Federasiyasında yaşayan qardaşı Cəfər İbrahimov vasitəsilə Elvin Şirinovla tanış olub. Daha sonra Elvin şirinov Zöhrab Hidayətovu işçisi kimi İbrahim İbrahimova təqdim edib.1 il yarım müddət ərzində Elvin Şirinova məxsus şirkət ilə mallar ölkə xaricinə ixrac edilib. Ölkədən çıxan hər maşın üçün Elvin Şirinova nağd şəkildə 150 manat vəsait ödənilib.
Şahid kimi ifadə verən Murad Əsgərov 3 il öncə Zöhrab Hidayətovu tanıdığını qeyd edib. Azərbaycandan ölkə xaricinə göndərilən müxtəlif təyinatlı mallara görə hər maşın üçün Zöhrab Hidayətova 100 manat ödədiyini bildirib.
Təqsirləndirilən şəxslərin vəkilləri şahidlərə öz suallarını ünvanlayıblar.
Şahidlərin bir qismi məhkəmədə iştirak etmədiyi üçün məhkəmə fevralın 13-ü saat 16:30-a təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 192.3.2 və 206.3.2-ci maddələri ilə ittiham olunur. Belə ki, Zöhrab Hidayətov müxtəlif hüquqi və fiziki şəxslərə aid məhsulların ölkədən saxta yolla sahibkar kimi qeydiyyatdan keçirdiyi Elvin Şirinovun və Qaçqın Hümbətovun adından ixrac olunmasını təşkil edib, ixrac üçün nəzərdə tutulan bu məhsulların istehsalçılarının guya həmin şəxslər olduğuna dair gömrük orqanlarına saxta sənədlər təqdim edib, 326 milyon manatdan çox xüsusilə külli miqdarda məhsulları düzgün bəyan etməyərək xaricə çıxarmaqla qaçaqmalçılıq edib, bu qanunsuz əməllər eyni zamanda nağd pul vəsaitlərinin ölkədən çıxarılması və geri qaytarılmaması, kölgə iqtisadiyyatı qurulması üsulu olub.