Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında prezidentin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə bağlı görülmüş işlərin, habelə qarşıya çıxan problemlərin müzakirəsi mövzusunda müşavirə keçirilib.

FHN-dən verilən məlumata görə, müşavirədə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Əsədov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev, “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayev, “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov, SOCAR “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev, “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov, Nazirlər Kabineti Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Qasım Abdullayev, prezidentin iqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev, FHN-in aidiyyəti rəhbər şəxsləri iştirak ediblər.

Oxumağa dəyər:   Bu ölkənin universitetlərində smartfonlardan istifadəyə qadağa qoyulub

Müşavirədə çıxış edən Ə.Əsədov sözügedən fərmanın əsas məqsədinin insanların normal yaşayışının təmin edilməsi olduğunu deyib. O qeyd edib ki, fərmandan irəli gələn məsələlərin icrası ilə bağlı görülən işlər dövlət başçısının nəzarəti altındadır.

K.Heydərov bildirib ki ötən müddət ərzində aidiyyəti qurumlar tərəfindən lazımi işlər görülüb və bu proses fasiləsiz olaraq davam etdirilir. K.Heydərov vurğulayıb ki, hazırda respublika üzrə istismara qəbul olunmamış çoxmənzilli yaşayış binlarının sayı 434 ünvan təşkil edir ki, bunun da 381-i Bakı şəhərindədir.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin binasında müvafiq qurumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə qərargah yaradıldığını xatırladan nazir deyib ki, 15 aprel 2019-cu il tarixinə kimi bu qərargahda 227 yaşayış binasının (kompleksinin) nümayəndələri qəbul edilərək, onlara zəruri izahatlar verilib. Binalarda müayinə işlərinin yekunlaşdığını, bunun əsasında aşkar edilən çatışmazlıqlarla bağlı görüləsi işlərin tez bir zamanda müəyyən olunacağını bildirən nazir onu da əlavə edib ki, 14 binaya dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada bu binaların istismara hazır olması barədə rəy tərtib edilib və aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub.

Oxumağa dəyər:   “Bəzi şər qüvvələr Azərbaycanı xaosa sürükləmək istəyir" - Səməd Seyidov

Müşavirədə digər qurumların rəhbərləri ötən müddətdə görülmüş işlər və qarşıda duran vəzifələr barədə çıxış ediblər.