Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarovanın 100 illiyi münasibətilə onu “İstiqlal” ordeni ilə təltif edib.

Modern-az 100 yaşını qeyd edən Fatma Səttarova ilə əlaqə saxlayaraq, onun yubiley təəssüratlarını öyrənib.

– Sizi yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm cansağlığı arzulayırıq. Bilmək istərdik, 100 illiyinizi necə qeyd edəcəksiniz?

– Təbrikə görə minnətdaram. Hər şey qaydasındadır. Yubileyimi sabah Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında kollektivimlə birgə qeyd edəcəyəm.

– Fatma xanım, ailə üzvləriniz doğum gününüzə necə hazırlaşır? 100 illik yubileyinizi ilk kim təbrik etdi?

– Mənim 4 övladım olub. Onlardan biri artıq 1 ildir ki, dünyadan köçüb. Digər oğlumun isə 40-ı hələ çıxmayıb. 11 nəvəm, 25 nəticəm var. Onlar da mənim üçün çox dəyərlidirlər.

– Bilmək istərdik, bu yaşınıza qədər aldığınız ən dəyərli hədiyyə nə olub?

– Bu yaşıma qədər aldığım ən gözəl hədiyyə cənab Prezident İlham Əliyevin məni təltif etdiyi “İstiqlal” ordeni oldu. Bundan gözəl, dəyərli heç nə ola bilməz. Bu ömür mənə Allah tərəfindən verildi, Prezidentimiz də gördüyüm işlərə görə yubileyim münasibətilə məni təltif etdi. Bu gün həyatımda ən dəyərli hədiyyəni aldım. Bundan gözəl hədiyyə ola bilməz.

– Geridə qalan illər ərzində xatirənizdən silinməyən hansı hadisələr olub? Hələ də unuda bilmədiyiniz məqamları yada salıb, keçmişə qayıdırsınızmı?

– Həyatımda o qədər hadisələr olub ki?! Ağır müharibələrin və zəfərin şahidi olmuşam. Ağır müharibə illərindən sonra iki universitet oxudum. Dörd balam dünyaya gəldi, onları böyütmüşəm, ali təhsil vermişəm. Vətənimin oğullarına, qızlarına xidmət etmişəm. Hər zaman çalışmışam ki, insanlara xeyrim dəysin, köməklik edim. Bu əməllərimlə gəlib 100 yaşıma çatmışam. Allah hamıya uzun ömür, cansağlığı nəsib eləsin. Həmişə xoş günlər yaşayaq, həyatımızın unudulmaz çağları yalnız xoş günlər olsun. Doğum günümü təbrik edən hər kəsə təşəkkür edirəm.

Qeyd edək ki, Fatma Səttarova 1922-ci ilin yanvar ayında Bakı şəhərində anadan olub. O, 1941-ci ildə – İkinci Dünya müharibəsi zamanı tibb bacısı kimi könüllü cəbhəyə yollanıb. Alman faşizminə qarşı döyüşlərdə şücaət göstərib. F.Səttarova uzun illər rəhbər vəzifələrdə çalışıb. O, xeyli müddət müharibə və əmək veteranı kimi Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvü olub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin ötən il yanvarın 16-da keçirilən iclasında F.Səttarova təşkilatın sədri vəzifəsinə seçilib.

İstinadlar Qafqazinfo