Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama 106 yaşlı qadının Ağ Evi görmək arzusunu gerçəkləşdirib. ABŞ prezidenti Barak Obamayla ilk dəfə görüşən yaşlı qadın sevincini rəqs etməklə ifadə edib.

Obama qadını Ağ Evdə qonaq etməyə şad olduğunu, qadın isə bunun onun üçün şərəf olduğunu deyib. Virciniya MakLorin adlı qadın Barak Obamaya “YouTube” videoportalı vasitəsilə videoismarış göndərib.

O, videoda prezident və xanımıyla görüşməkdən məmnun olacağını bildirib. 106 yaşlı qadının Obama cütlüyü ilə görüşünün baş tutması üçün petisiya başladılıb.

Nəhayət 1 il sonra, fevralın 21-də 106 yaşlı qadının arzusu həyata keçib. Barak Obama qonağının əlindən tutaraq onu xanımı Mişel Obamayla salamlaşmağa aparıb. Mişel Obama Virciniya MakLorinə yaşa dolduqca onun kimi olmaq istədiyini deyib.

Qadın isə ABŞ-ın birinci xanımının bunu bacaracağını bildirib. Görüş zamanı dayanmadan rəqs edən, eləcə də gözəl manikürü ilə diqqət çəkən 106 yaşlı qadın hər kəsi heyrətləndirməyi bacarıb.Qaradərili Virciniya MakLorin Ağ Evdə ola biləcəyinə heç vaxt ümid etmədiyini və qaradərili şəxsin ABŞ prezidenti olmasına çox sevindiyini deyib.