“O qapını bağlasam, şagird və müəllimlər qalacaq çöldə” – Video

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində məktəbə gedən yol vətəndaşın həyətindən keçir.
Bu isə ev sahibi ilə məktəbin müəllimləri arasında mübahisəyə səbəb olub.
Maraqlısı odur ki, məktəb 2006-cı ildən fəaliyyət göstərir, lakin vətəndaşın evi 2011-ci ildə tikilib, mübahisə isə son iki ildə – 2022-ci ildən bəri başlayıb.
Şikayətçi Zəminə Zahirova bildirib ki, mübahisəsi gedən həmin ərazi qanunla ona məxsusdur. Sadəcə məktəbə gedən yeganə yol buradan keçdiyi üçün illərdir etiraz etməyib. İllərdir məktəbə gedib-gələn müəllim və şagirdlər məhz bu yoldan keçiblər. Lakin son illərdə düz qapısının açıldığı yolu avtomobillərin zəbt etməsi və məktəb rəhbərliyi tərəfindən dəmir hasarın mənzilə bitişik yerləşdirilməsi ev sahibini razı salmayıb.
Məktəbin ibtidai sinif müəllimi Bəhlul Mayılovun sözlərinə görə, həmin ərazinin vətəndaşa məxsus olduğu təsdiqini taparsa, bu istiqamətdə müvafiq addımlar atılacaq.
Məsələ ilə bağlı aidiyyəti qurumlar – Səbail Rayon İcra Hakimiyyəti və Elm və Təhsil Nazirliyi əraziyə baxış keçiriblər və bu istiqamətdə müvafiq tədbirlər görülücək.
Ətraflı videomaterialda:
“Veteran pulu”nun məbləği artırılacaq – VİDEO

“Müavinət və təqaüdlərdə yaxın zamanlarda artım müşahidə olunacaq”.
Bunu sözləri millət vəkili Vüqar Bayramov ATV kanalında yayımlanan “Xəbərin Olsun” verilişində deyib.
V.Bayramov bildirib ki, növbəti ayın ikinci yarısından Nazirlər Kabineti müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərini dövlət başçısına təqdim edəcək. Bununla da, müavinət və təqaüdlərdə artım olacaq.
Vüqar Bayramovun sözlərinə görə, artımlara müxtəlif növ müavinətlər, o cümlədən “veteran pulu” adlandırılan 80 manat da daxil olacaq.
Ətraflı videomaterialda:
Köməksiz qalan uşaqlar xilas olundu – Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunun Gəncə prospektində uşağın evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu FHN-in mətbuat xidmətindən bildirilib.
Çağırış üzrə cəlb olunan FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindəki mənzilə alpinist ləvazimatlarından istifadə etməklə eyvandan daxil olaraq 2021-ci təvəllüdlü azyaşlını xilas ediblər.
Bundan əlavə, Şəmkir rayonu, Səməd Vurğun küçəsində iki azyaşlının evdə köməksiz vəziyyətdə qalması barədə daxil olmuş məlumat əsasında hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin qapısını xüsusi avadanlıqlarla açaraq 2022-ci və 2023-cü il təvəllüdlü uşaqları xilas ediblər.
Mübariz İbrahimovun xatirəsi yad edildi – Video – Fotolar

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu şəhidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla anıb.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daha sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində davam edən tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edənlər xalqımızın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edərək Mübariz İbrahimovun göstərdiyi şücaət və qəhrəmanlıqdan danışıblar. Milli Qəhrəmanın timsalında bütün şəhidlərimizin xatirəsinin xalqımızın yaddaşında daim əziz tutulacağı xüsusi vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verildiyi diqqətə çatdırılıb.
Daha sonra tədbir iştirakçılarına şəhidimizin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunan, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.
Övladınızın qiymətlərinə bu platformadan baxa bilərsiniz – Video

Müasir təlim texnologiyalarının tədris prosesinə inteqrasiyasının təmin edilməsi, interaktivlik və əlçatanlıq üçün milli onlayn “Rəqəmsal məktəb” təhsil platforması fəaliyyətə başlayıb.
Ilkin mərhələdə “Rəqəmsal məktəb” platforması Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində test rejimində tətbiq edilir.
Sözügedən platforma təhsil sistemində müasir texnologiyaların tətbiqi ilə yanaşı tədris və idarəetmə proseslərini təkmilləşdirmək, həmçinin təhsildə şəffaflığı artırmaq məqsədi daşıyır.
Platformada “Şagird”, “Valideyn”, “Müəllim” və “Məktəb rəhbəri” üçün fərdi kabinetlər mövcuddur. Bu da hər bir istifadəçi qrupunun ehtiyaclarına uyğun fərdi funksionallıq təqdim edir. “Rəqəmsal məktəb” platformasından istifadə etmək üçün şagird, valideyn, müəllim və məktəb rəhbərləri istənilən cihazdan www.reqemsal.edu-az və yaxud www.digital.edu-az keçidi vasitəsilə fərdi kabinetlərinə giriş edə biləcəklər.
Platformanın imkanları;
“Şagird” kabineti
“Şagird” fərdi kabinet platforması şagirdlərə təhsil prosesində daha səmərəli iştirak etmək imkanı yaradır. Bu kabinetdə hər bir şagird üçün aşağıdakı məlumat və resurslar təqdim edilir:
Günün dərsi: şagirdlər hər gün üçün fənlər üzrə müəyyən olunmuş dərsləri və mövzularını, müvafiq tədris materiallarını öz fərdi kabinetlərindən izləyə bilərlər. Gündəlik dərs cədvəli: şagirdin gündəlik fəaliyyətləri ilə tanış olması üçün dərs cədvəli əlçatan olacaq.
Fənlər üzrə dərsliklər: şagirdlər fərdi kabinet vasitəsilə bütün fənlərə aid dərsliklərə rəqəmsal şəkildə çıxış əldə edəcəklər.
Mövzular üzrə videodərslər: mövzuların daha əhatəli və vizual şəkildə öyrənilməsi üçün videodərslər təqdim olunacaq.
Mövzuların izahı: hər bir mövzunun dərinləşdirilmiş izahı ilə şagirdlər dərs materialını daha yaxşı mənimsəyə biləcəklər.
Ev tapşırıqları və izahları: təyin edilən ev tapşırıqları ilə yanaşı, həm də onların izahı şagirdlərin istifadəsinə veriləcək ki, bu da tədris prosesini asanlaşdıracaq.
Testlər: şagirdlərin biliklərinin yoxlanılması və mövzuları daha yaxşı mənimsəməsi üçün interaktiv testlər və digər qiymətləndirmə vasitələri mövcud olacaq.
“Rəqəmsal məktəb” platformasında ibtidai siniflər üzrə riyaziyyat, Azərbaycan dili və ingilis dili fənlərini əhatə edən 932 mövzu yer alır.
5-ci, 6-cı və 7-ci sinif şagirdlərinin təhsil ehtiyaclarını qarşılamaq üçün Azərbaycan dili, Azərbaycan tarixi, təbiət, coğrafiya, fizika və kimya fənləri olmaqla ümumilikdə 367 mövzu platformaya yerləşdirilib. Digər sinif və fənlər üzrə mövzuların əlavə edilməsi növbəti mərhələlər üçün nəzərdə tutulub.
“Valideyn” kabineti
“Valideyn” kabineti vasitəsilə valideynlər övladlarının təhsil prosesini yaxından izləyə bilir və onlarla bağlı məlumatlara asan çıxış imkanı əldə edirlər:
Nailiyyət və qiymətlərin izlənilməsi: valideynlər övladlarının nailiyyətləri, gündəlik qiymətləri və ümumi nəticələr barədə məlumatlara real vaxt rejimində çıxış əldə edə bilərlər. Bu, şagirdin təhsil irəliləyişini effektiv şəkildə izləməyə və lazımi tədbirlər görməyə şərait yaradır.
Birbaşa ünsiyyət imkanı: platforma vasitəsilə valideynlər sinif rəhbərləri, fənn müəllimləri və məktəb rəhbərliyi ilə birbaşa əlaqə saxlaya bilərlər. Bu ünsiyyət kanalı tədris prosesində yarana biləcək sual və ya problemlərin operativ şəkildə həllinə yardım edir.
Rəy və təkliflərin izlənilməsi: valideynlər övladlarının tədris prosesi ilə bağlı fənn müəllimləri və sinif rəhbərləri tərəfindən verdiyi rəy və təklifləri görə bilərlər. Bu, şagirdin təhsildəki güclü və inkişaf etdirilməsi lazım olan tərəfləri ilə tanış olmaq üçün əhəmiyyətlidir.
Nizam-intizam məlumatları: şagirdlərin məktəbdəki davranışlarına dair ayrıca bölmə mövcuddur ki, bu bölmə vasitəsilə valideynlər övladlarının nizam-intizam qaydalarına riayət etməsi, məktəbdəki davranışları və mümkün qayda pozuntuları barədə bildirişləri izləyə bilərlər.
“Müəllim” kabineti
“Rəqəmsal məktəb” platformasında “Müəllim” kabineti müəllimlərin gündəlik iş yükünü tənzimləməklə yanaşı, tədris prosesini nizamlı şəkildə həyata keçirmələrinə dəstək olur. Eyni zamanda müəllimlər üçün vacib məlumatlara çıxışı asanlaşdıraraq tədris prosesinin idarə olunmasının keyfiyyətini artırır.
Elektron jurnal platformasına birbaşa çıxış vasitəsilə hər müəllim üçün e-jurnal sisteminə çıxış təmin edilib.
Müəllimlər özlərinin gündəlik, həftəlik və aylıq dərs cədvəllərini görə bilir. Bu funksionallıq vasitəsilə onlar dərs saatlarını, sinif otaqlarını və fənlər üzrə bölgünü rahat şəkildə izləmək imkanı əldə edirlər.
Müəllimlər tədris apardığı siniflərə və qiymətləndirmə bölmələrinə keçid edə bilirlər. Bu, müəllimlərin dərs planlamasını və vaxt idarəsini daha effektiv həyata keçirməsinə şərait yaradır. Həmçinin bu imkan onlara şagirdlərin nəticələrini izləmək, qiymətləndirmə prosesini daha şəffaf və sistemli şəkildə aparmaq üçün əlverişli şərait yaradır.
Elektron jurnal platformasının funksionallığını optimallaşdırmaq məqsədilə yaxın günlərdə e-jurnal mobil tətbiqi müəllimlərin istifadəsinə veriləcək. Mobil tətbiqin istifadəyə verilməsi müəllimlərin iş yükünü azaltmaqla yanaşı, onların tədris fəaliyyətlərini çevik şəkildə həyata keçirməsinə kömək edəcək.
Elanlar və xəbərlər: Elm və Təhsil Nazirliyinin rəsmi elan və xəbərləri birbaşa “Müəllim” kabinetində yerləşdirilib. Bu, müəllimlərə təhsillə bağlı yeniliklər, mövcud qaydalar və müvafiq tədbirlər barədə operativ məlumat əldə etmək imkanı yaradır. Müəllimlər tədris prosesində baş verən dəyişikliklərdən, yeni metodik göstərişlərdən və peşəkar inkişafla bağlı təklif olunan proqramlardan vaxtında xəbərdar ola bilirlər.
“Direktor” kabinet
“Rəqəmsal məktəb” platformasında məktəb rəhbərləri üçün “Direktor” kabineti yaradılıb. Direktorlar platformanın təqdim etdiyi məlumatlar əsasında rəqəmsal tədrisin effektivliyini qiymətləndirmək və davamlı olaraq təkmilləşdirmək üçün təhlillər aparmaq imkanı əldə edirlər. Bu funksiyalar məktəb rəhbərlərinə məktəbin idarə edilməsini daha şəffaf, sistemli və effektiv şəkildə həyata keçirmək imkanı yaradır. Təhlillər və hesabatlar vasitəsilə məktəbin ümumi inkişaf strategiyalarının hazırlanması və tətbiqi mümkün olur.
Rəqəmsal tədrisin effektivliyinin təhlili və təkmilləşdirilməsi: direktor kabineti vasitəsilə məktəb rəhbərləri öz müəssisələrində fəaliyyət göstərən pedaqoji heyət və təhsilalanlar haqqında məlumatları izləyə bilərlər. Bu məlumatlar tədris planı üzrə dərs saatlarının bölgüsü, fənlər və siniflər üzrə dərs cədvəlləri, dərnək və fakültətiv məşğələlərin siniflər üzrə idarəetmənin effektivliyini artırmaq məqsədilə sistemləşdirilmiş şəkildə təqdim olunur.
Dərs cədvəllərinin idarə edilməsi: məktəb rəhbərləri platforma vasitəsilə məktəbin ümumi dərs cədvəlini, siniflər üzrə bölünmüş tədris planlarını və gündəlik dərs qrafiklərini izləyə bilərlər.
Şagirdlərin “Şəxsi iş” bölməsi: platformada hər bir şagird üçün xüsusi “Şəxsi iş” bölməsi mövcuddur. Bu bölmədə şagirdlərin şəxsi məlumatları ilə yanaşı, qiymətləndirmə nəticələri və ümumi təlim nailiyyətləri əks olunur. Direktorlar bu məlumatları izləməklə, şagirdlərin inkişafını sistematik şəkildə təhlil edə bilərlər.
Qiymətləndirmə və imtahan nəticələri: “Direktor kabineti”ndə siniflər üzrə keçirilmiş kiçik summativ qiymətləndirmə (KSQ), böyük summativ qiymətləndirmə (BSQ) və digər imtahan nəticələri əks olunur. Bu məlumatlar əsasında direktorlar fənlər və siniflər üzrə tədris keyfiyyətini təhlil edə və müəssisə səviyyəsində hesabatlar hazırlaya bilərlər.
“Rəqəmsal məktəb” platformasında inkişaf mərhələsi çərçivəsində bir sıra funksionallıqların artırılması nəzərdə tutulub. Belə ki, hər bir tədris müəssisəsi üzrə valideynlərin iştirakını artırmaq məqsədilə xüsusi “Valideynlərin rəyləri” funksiyası tətbiq ediləcək.
Platformada hər tədris müəssisəsi üzrə valideynlər üçün xüsusi bölmə yaradılacaq ki, bu bölmədə valideynlər sorğularda iştirak edəcəklər. Sorğunun keçirilməsində məqsəd təhsil prosesində müəllimlərin fəaliyyətinə dair valideynlərin rəy və təkliflərini toplamaqdır.
Sorğular, əsasən, müəllimin dərs izah etmə bacarığı, övladının dərsə marağını artırmaqda müəllimin rolu, verilən tapşırıqların mütəmadi olaraq yoxlanılması, müəllimin şagirdlərlə ünsiyyət və davranış tərzi kimi məsələləri əhatə edəcək.
Platformadan istifadə ilə bağlı təlimat:
Vilayət Eyvazov Qusarda qəbul və sıra baxışı keçirdi – Video

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov fevralın 6-da və 7-də Qusar Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Nazir əvvəlcə Qusar rayonundakı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra Qusar Rayon Polis Şöbəsində Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarından qəbula gələn 335 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Vilayət Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Vətən müharibəsinin 34 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 263 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Şahdağda “Hummer” aşdı – Video

Dünən Qusarda “Hummer” markalı avtomobil aşıb.
Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, Laza kəndi ərazisində – Şahdağa gedən yolda yolsuzluq avtomobili buzlu yolda idarəetmədən çıxaraq banı üzərinə aşıb.
Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilib.
Avtomobilin sahibi qəzadan sonra maşını hadisə yerində qoyaraq uzaqlaşıb.
Dəm qazından boğulan ana və azyaşlı oğlu belə xilas edildi – Video

Gəncə şəhəri, Nəriman Nərimanov küçəsində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə 2 nəfər köməksiz qalıb.
FHN-dən verilən məlumata görə, dərhal Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə hadisə yerinə cəlb olunub.
Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı mənzildə olan vətəndaşların giriş qapısının dəfələrlə döyülməsinə və uzunmüddətli telefon zənglərinə cavab vermədiyi müəyyən olunub.
Xilasedicilər tərəfindən operativ qaydada xüsusi vasitələrin köməyi ilə mənzilin giriş qapısı açılaraq, ilkin ehtimala görə dəm qazı səbəbindən huşsuz vəziyyətdə aşkar edilmiş ana – 1990-cı il təvəllüdlü L.Cəfərova və övladı – 2011-ci il təvəllüdlü Ö.Cəfərov ilkin yardım göstərildikdən dərhal sonra FHN-in xüsusi təyinatlı nəqliyyat vasitəsi və təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya çatdırılaraq həyatları xilas olunub.
Daha bir maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı – Video

Göygöl şəhərinin Azay Kazımov küçəsində fəaliyyət göstərən maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb.
Bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, fərdi sahibkar Əliyev Nizami Rza oğluna məxsus maye qazdoldurma məntəqəsində nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi plan üzrə yoxlama aparıb.
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 3 ədəd maye qaz tutumunun üzərində quraşdırılmış qoruyucu klapanların və manometrlərin dövri yoxlanılmasının aparılmadığı, həmçinin sözügedən tutumların sahibkarın müraciəti əsasında agentlikdə qeydiyyatdan çıxarıldığına baxmayaraq istismar olunduğu, eləcə də bu tutumlardan birinin dövri müayinəsinin qüvvədə olma müddətinin bitdiyi müəyyən edilib.
Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
Azyaşlı uşaq bağlı qapı arxasında qaldı – Video

Bakı şəhərinin Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında azyaşlı uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq evdə yatmış vəziyyətdə aşkarlanmış 2016-cı il təvəllüdlü uşaq valideynlərinə təhvil veriblər.
Rayonlara qar yağıb, Lerikdə 50 sm-ə çatıb – VİDEO

Bu gün saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 28 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Şamaxı, Neftçalada 20 m/s, Qobustan, Şirvanda 18 m/s, Şahbuzda 17 m/s-yə çatıb.
Düşən yağıntının miqdarı Astarada 32, Lənkəranda 17, Biləsuvarda 12, Tərtərdə 11, Beyləqanda 10, Ağdamda 8, İmişlidə 6, Cəfərxanda 5, Yevlax, Sabirabadda 4, Mingəçevir, Zərdab, Şəkidə 3, Mingəçevir, Oğuzda 2, Kürdəmir, Bərdə, Göyçay, Qəbələ, Qobustan, İsmayıllı, Ceyrançöl, Tovuz, Zaqatala, Balakən, Ağstafa, Naxçıvanda 1 mm-dək qeydə alınıb.
Dağlıq rayonlara qar yağır, yağan qarın hündürlüyü Lerikdə 50, Yardımlıda 25, Şuşa, Qubada 20, Kəlbəcər, Laçında 19, Xaltan, Xınalıqda 13, Şahdağda 10, Altıağacda 9, Xankəndində 7 , Qusarda 3, Gədəbəy, Şərurda 2, Altıağac, Daşkəsəndə 1 sm-dir.
Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Qırız, Göyçay, Zərdab, Sabirabadda duman müşahidə olunur. Dumanda görünüş 100-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək şaxta qeydə alınıb.
“Səməd Vurğunu niyə sevməliyik?” sualına – Cavab – VİDEO

Yazıçı Əlisa Nicatın Xalq şairi Səməd Vurğun haqqında dediyi fikirlər bir neçə gündür müzakirə olunur. Onun Xalq şairi barəsində “yaltaq” ifadəsi işşlətməsini yazıçının özünün tənqid olunması ilə nəticələnib
Məsələyə Real TV-də yayımlanan Sərdar Aminin müəllifi olduğu “Başdan-başa” verilişində də toxunulub.
Müəllif layihəsində “Səməd Vurğunu niyə sevməliyik?” sualını faktlarla cavablandırıb.
Daha ətraflı videoda:
Azərbaycanlı gənc Yunanıstanda həbs edildi – Video

İmişli rayonu Mircəlal kənd sakini Elvin Əhmədov Yunanıstanda həbs edilib.
Bir aydan çoxdur, həbsdə saxlanılan Elvin bu haqda “Xəzər Xəbər”ə danışıb.
O, telefon zəngində bildirib ki, 5 aydır, nişanlandığı üçün Türkiyədə, Antalyada yaşayırmış. İşi ilə əlaqədar Fethiye bölgəsindən mühərrikli qayıqla Bodruma gələrkən qayıqda nasazlıq yaranıb. Elə hər şey də bundan sonra baş verib.
Yunanıstanın paytaxtı Afina şəhərində yerləşən Korderyus həbsxanasında saxlanılan Elvin idda edir ki, saxlanılması və öz ölkəsinə deport edilməməsi qanunsuzdur. Çünki onun yaxalandığı qayığın texniki göstəricisi belə Türkiyədən Yunanıstana qədər gəlmək üçün uyğun deyil.
Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyindən “Xəzər Xəbər”ə bildirilib ki, Elvin Əhmədovun Yunanıstanda həbs edilmə səbəbləri araşdırılır.
Daha ətraflı videomaterialda:
“Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün təlimlər keçirildi – Video

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün Regional Mərkəzdə, o cümlədən Sumqayıt şəhər 1 və 31 nömrəli məktəblərdə “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirici təlimlər keçirib.
Təlimlərin keçirilməsində məqsəd layihə iştirakçılarının fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması olub.
Təlimlərdə Nazirliyin aidiyyəti strukturlarının və Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları, “Məktəblinin dostu” layihəsinə cəlb olunan şəxslər və yuxarıda adları qeyd olunan məktəblərin kollektivi iştirak edib.
Təlimlərin nəzəri hissəsində fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, fövqəladə hallar zamanı ilkin psixoloji yardımın göstərilməsi və təxliyənin təşkili barədə ətraflı məlumat verilib, mövzulara dair videoçarxlar nümayiş olunub.
Təlimlərin praktiki hissəsində şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra məktbə kollektivinin təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, “yanğınla” mübarizə tədbiri simulyasiya edilib. Həmçinin, tədbir iştirakçılarına “zərərçəkmişlərin” xilas edilməsi və ilkin yardımın göstərilmə qaydası nümayiş olunub.
Daha sonra layihə içtirakçılarına xilasetmə alət və avadanlıqları barədə məlumat verilib.
Təlimlərin yekunu olaraq “Məktəblinin dostu” layihəsinə cəlb olunmuş şəxslərə sertifikatlar təqdim edilib.
Yeni yolun tikintisindən – Görüntülər – VİDEO

Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi davam etdirilir.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, layihə üzrə 10 qovşağın, 14 körpünün, 1 kommunikasiyalar üçün kanal körpüsünün, 1 qapalı və 1 üstü açıq tunelin tikintisi nəzərdə tutulub.
Yeni yolun inşası Abşeron yarımadasının şimal-şərq hissəsindəki yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu ilə şimal istiqamətində nəqliyyat əlaqəsini təmin etməyə, eləcə də Bakı-Şamaxı-Yevlax magistral avtomobil yoluna çıxmaqla respublikamızın qərb zonası ilə səmərəli və rahat nəqliyyat əlaqəsi qurmağa imkan verəcək.
Çörəyin çəkisi niyə azalıb? – Video

Marketlərdə 55 qəpiyə satılan 510 qramlıq zavod çörəyi ilə yanaşı, yeni qiymətə – 65 qəpiyə 620 qramlıq zavod çörəyi ikinci çeşid kimi tədarük ediləcək.
Diqqətçəkən məqam 55 qəpiyə satılan çörəyin çəkisinin 510 qram olması, yəni azaldılmasıdır.
Söhbət ondan gedir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2022-ci ilin yanvar ayında çörəyin qiymətinin 50 qəpikdən 65 qəpiyə yüksəlməsi ilə bağlı açıqlamasında çörəyin çəkisinin 650 qram olacağı bildirilmişdi.
Eyni zamanda, həmin ilin avqustunda Azərbaycanın iri un və çörək istehsalçılarının qiymətin 65 qəpikdən 70 qəpiyə qaldırılması ilə bağlı birgə məlumatında da çörəyin çəkisinin 650 qram olacağı vurğulanmışdı. Ötən müddətdə bir kisə unun topdansatış qiymətinin 40 manat 70 qəpikdən 25 manatadək, yəni 40 faizə yaxın ucuzlaşması əsas gətirilərək çörəyin qiyməti də aşağı salınıb.
Belə ki, 650 qramlıq çörəyin qiyməti mərhələlərlə 70 qəpikdən 55 qəpiyə, yəni 21,5 faiz endirilib. Lakin son açıqlamadan belə məlum olur ki, istehsalçılar çörəyin qiymətindəki endirimi, əslində, onun çəkisi ilə kompensasiya ediblər.
Bununla da çəki 21,5 faiz, yəni 650-dən 510 qrama qədər azaldılıb. Unun ucuzlaşmasının isə qiymətə real təsiri olmayıb.
Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, çörəyin çəkisini sahibkarlar özləri sərbəst müəyyən edirlər:
“Sahibkarlar müxtəlif qiymətə müxtəlif çeşiddə çörəklər təklif edirlər. İstehsalçılar onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan məhsulu sərbəst seçərək ala bilərlər. Qanunvericilikdə və müvafiq dövlət standartında çörəyin konkret çəki meyarı ilə bağlı tələb müəyyən edilməmişdir. Çörəyin çəkisi sahibkarlar tərəfindən sərbəst müəyyən edilir. Lakin qablaşdırılmasında onun çəkisi göstərilməlidir”.
Deyilənlərdən belə nəticəyə gəlmək olur ki, sahibkar un bahalaşanda çörəyin qiymətini artırdığı halda xammal ucuzlaşanda qiyməti çəkini azaltmaq hesabına endirir. Əksər marketlərdə müşahidələr zamanı isə zavod çörəyi olaraq əsasən qiyməti 55 yox, 65 qəpiyə olan məhsullara rast gəlmək olur.
Ətraflı “Baku TV”nin süjetində:
Binə 3 aydır ki, su altında qalıb – Video

Ötən ilin oktyabr ayında paytaxta yağan güclü yağış şəhərdə və qəsəbələrdə bir sıra fəsadlar yaradıb.
Hadisənin üzərindən 3 aydan çox vaxt keçsə də, yağışın fəsadları Binə qəsəbəsində hələ də qalmaqdadır.
Sakinlər hər gün aidiyyəti qurumlara zəng vurub kömək istədiklərini, lakin heç bir yardım ala bilmədiklərini deyirlər.
3 aydır suyun içərisində yaşamaqdan bezən sakinlər problemlərini “Xəzər Xəbər”ə danışıblar.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ərazidə mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil. Ərazinin yaxınlığında da kanalizasiya sistemi olmadığından yağış sularının ünvandan kənarlaşdırılması işi çətinləşir. Qurum deyir ki, məsələ müvafiq rayon sukanal idarəsinin diqqətindədir.
Xəzər Rayon İcra Hakimiyyəti və qəsəbə bələdiyyəsindən isə məsələ ilə bağlı mövqe bildirilməyib.
Daha ətraflı videomaterialda:
Həmçinin baxın
“Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün təlimlər keçirildi – Video
Lənkəranda itkin düşmüş digər balıqçının axtarışları davam etdirilir – VİDEO
KİV: MDB vətəndaşları Rusiyada İranın “Şahed-136” PUA-larını yığmağa məcbur edilirlər – VİDEO
Hacıqabulda yük avtomobili yanıb, qoşqusundakı 14 ton qida məhsulu məhv olub – VİDEO
Vaşinqtonda Donald Trampın inaqurasiya mərasiminə son hazırlıq işləri gedir – CANLI – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla