ABŞ-ın Nyu-York ştatının qubernatoru Endryu Kuomo istefaya çağırılır.

Qubernatorun öz ofisində çalışanlar da, daxil olmaqla, 11 qadına cinsi zorakılıq etdiyi təsbit olunub.

Ötən il bir neçə qadının E.Koumoya qarşı cinsi zorakılıq ittihamları əsasında başlayan istintaq araşdırması nəticəsində prokurorluq onun təqsirkar olmasına qərar verib.

Araşdırmanın nəticələrini açıqlayan vəkil Letitia Ceyms ittihamların təsdiqini tapdığını, E.Kuomonun federal və ştat qanunlarını pozduğunu söyləyib.

Müstəntiqlər araşdırma çərçivəsində ştat administrasiyasında işləyən və şikayət edən şəxsi heyət də daxil olmaqla, təxminən 200 şəxslə söhbət edib, on minlərlə sənədi, mesajı və fotoşəkli araşdırdıqlarını deyiblər.

Nyu-Yorkun meri Bill de Blaziodan sonra ABŞ Prezidenti Cozef Bayden də E.Kuomonu istefaya çağırıb.

Qubernatorun Nyu-York şəhərində yerləşən ofisinin önündən başlayaraq, şəhərin mərkəzi meydan və küçələrində E.Kuomonun istefasını tələb edən qruplar etiraz aksiyaları keçirirlər. Nyu-York şəhərinin bir çox mərkəzi yol qovşaqlarında yerləşdirilən nəhəng lövhələrdə valinin şəkilinin önünə “İstefa” sözü yazılıb.

Bununla belə, etirazçılara qarşı çıxaraq, qubernatoru dəstəkləyənlər də mövcuddur. İstefa çağırışlarına cavab olaraq vəzifəsini vaxtından əvvəl tərk etmək niyyətində olmadığını vurğulayan E.Kuomo araşdırmanın nəticəsini qəbul etməyib, bunun böhtan olduğunu bildirib.

İstintaqda daha çox gizli şahidlərin dinlənildiyini deyən qubernator heç kəslə yersiz əlaqə qurmadığını, baş verənlərin onun siyasi karyerasını bitirmək istəyən bir qrup şəxsin planı olduğunu deyib və istefa çağırışlarını rədd edib.

Adı bir çox qalmaqalda hallanan qubernator E.Kuomo eyni zamanda Nyu-York şəhərinin Bruklin əyalətində yerləşən qocalar evində koronavirus infeksiyasından ölənlərin sayını gizlətməkdə ittiham edilir.

Vüsalə Abbasova

İstinadlar Report