
BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda beynəlxalq təşkilatın qərargah binasında Azərbaycanın ev sahibliyi ilə “Dekolonizasiya: Sakit inqilab” adlı dəyirmi masa keçirilib.
“Bakı Təşəbbüs Qrupu”nun təşəbbüsü və təşkilatçılığı, eləcə də Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin dəstəyi ilə keçirilən beynəlxaq konfransda Fransanın dənizaşırı bölgələri – Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupanın müstəqillik və millətçi hərəkatlarının nümayəndələri, Melaneziya Təşəbbüs Qrupunun təmsilçisi və BMT rəsmiləri, BMT-də fəaliyyət gösərən diplomatlar, səfirlər, xüsusilə dünyada müstəmləkəçiliyə məruz qalan dövlətlərin və xalqların təmsilçiləri iştirak ediblər.
Gün ərzində davam edən dəyirmi masa müzakirələri ölkəmizin BMT-dəki daimi nümayəndəliyinin birinci katibi Vadim Qusmanın moderatorluğu ilə baş tutub. Diplomat bildirib ki, konfransın əsas məqsədi BMT Baş Assambleyası tərəfindən 75/123 nömrəli “Müstəmləkəçiliyin ləğvi üzrə beynəlxalq dördüncü onillik” adlı qətnamənin qəbulunun yaratdığı imkanlardan yararlanmaq üçün müzakirələrin aparılmasıdır. O bildirib ki, üç ildir Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının əsas hədəflərindən biri beynəlxalq hüququn fundamental prinsipləri çərçivəsində müstəqillik uğrunda mübarizə aparan xalqlara dəstək verməkdir.
“Bakı Təşəbbüs Qrupu”nun icraçı direktoru Abbas Abbasov videomesaj vasitəsilə qonaqlara yeni yaradılmış İctimai Birliyinin fəaliyyəti haqqında geniş məlumat verib. O xatırladıb ki, təşkilat ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda keçilən “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı tədbirdə alınan qərarla öz fəaliyyətinə başlayıb və təşkilat XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrinin nümayəndələri ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq məqsədilə fəaliyyət göstərir. A. Abbasov qonaqlara Qoşulmama Hərəkatının koordinasiya bürosu tərəfindən müstəmləkəçiliyə qarşı təşkilatın öhdəliyi haqqında da geniş məlumatlar təqdim edib.
Konfrans iştirakçıları təmsil etdikləri ölkələrdə kök salmış və hələ də cəmiyyətlərini zəhərləyən fransız müstəmləkə imperiyasının dəhşətləri barəsinə danışıblar. Çıxışlarda qeyd olunub ki, Fransa müstəmləkəçiliyi sistemli şəkildə tətbiq edən ölkələrdən ön sırada yer alır və tarix boyu özündən asılı gördüyü bu ölkələrə hələ də mədəni, iqtisadi və siyasi baxımdan nəzarət edir və bu nəzarəti xüsusilə son illərdə tədricən artırmağa çalışır. Bildirilib ki, Fransa dünya müharibələrində müstəqillik vədi ilə öz sıralarına qatdığı ölkələrin xalqlarını qul ticarətində istifadə edib və bölgədəki bütün insan resurslarını istismar edib. Təsadüfi deyil ki, bəşər tarixinin ən böyük soyqırımılarının biri çoxunun Fransanın dəstəyi ilə həyata keçirildiyi beynəlxalq hesabatlarda da öz əksini tapıb.
Konfransda çıxış edən Venesuelanın BMT-dəki daimi nümayəndəliyi Xoakin Peres Ayestaran BMT-nin uzun illər ərzində dekolonizasiya ilə mübarizəsindən bəhs edib, müstəmləkəçiliyin bütün forma və təzahürlərinin kökünü kəsmək üçün əməkdaşlığın vacibliyinə diqqət çəkib. Diplomat qeyd edib ki, Fransa 50 ildən çox müstəmləkəçiliyinin ən utancverici modelini istifadə edib və bu mənəvi işğalı bu gün də davam etdirir. Səfir vurğulayıb ki, bu gün 21-ci əsrin ortalarında belə müstəmləkəçiliyi dövət siyasətinin bir parçası halında davam etidirən bəzi ölkələrin bu addımlarına bütün formalarda tam və effektiv son qoymağın vaxtıdır: “Əgər biz həqiqətən də sülh, ədalət və azadlıq vədini yerinə yetirmək istəyiriksə, müstəmləkəçilik zülmünün, işğal və hökmranlığı altında qalan xalqların səsi olub, ədaləti bərpa etməliyik”.
Konfransın sonunda Fransız Qvianası, Martinika və Qvadelupa ölkələrinin BMT-nin dekolonizasiya prosedurları üzrə ölkələr siyahısına daxil edilməsi ilə bağlı yekun bəyanat qəbul olunub. Qonaqlar “Bakı Təşəbbüs Qrupu”na və Azərbaycana müstəmləkəçiliyə qarşı göstərdiyi mübariz və sahibliyinə görə təşəkkür ediblər.