Bu ilin iyul ayında Bakının daşınmaz əmlak bazarında qiymətlər iyun ayına nisbətən 2,74 % artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,52 % azalıb.

Bu barədə “MBA” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.

N.İbrahimov ötən ay bazarda seqmentlər üzrə qiymətlərin necə dəyişdiyi barədə məlumat verib:

“Təkrar mənzil bazarında qiymətlərdə ay ərzində 1,77 %, il ərzində 5,4 % azalma, ilkin mənzil bazarında ay ərzində 5,35 % azalma, il ərzində 8,64 % artım qeydə alınıb. Fərdi yaşayış və bağ evlərinin qiyməti ay ərzində 3,85 % artıb, il ərzində 2,72 % azalıb. Kommersiya obyektləri bazarı üzrə qiymətlərdə ay ərzində 2,41 %, il ərzində 1,82 % artım, torpaq bazarı üzrə ay ərzində 12,6 %, il ərzində 1,16 % artım müşahidə edilib”.

Onun sözlərinə görə, mənzillərin kirayəsi bazarında iyul ayı ərzində 3,65 %, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 2,23 % ucuzlaşma olub: “Fərdi yaşayış və bağ evlərinin kirayəsi bazarında ay ərzində 8,74 %, il ərzində 6,55 % bahalaşma yaşanıb. Kommersiya obyektlərinin kirayəsi bazarında qiymətlər ay ərzində 1,17 %, il ərzində 1,66 % azalıb. Tikinti materialları bazarında isə qiymətlərin ay ərzində 0,02 %, il ərzində 15,37 % artımı qeydə alınıb.

İstinadlar Report