
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Abşeron Rayon Mərkəzi Xəstəxanasında növbə problemi yaşanmışdı. Şənbə günü olmasına baxmayaraq, xəstəxananın girişində izdihamın olması müzakirələrə səbəb olmuşdu.
Sözügedən xəstəxanada növbə problemini aradan qaldırmaq üçün tədbirlər görülüb. Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, qurumun tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydiyyat bölməsi yeni formatda istifadəyə verilib: “Tibb müəssisəsinin geniş və işıqlı sahəsində təşkil edilən 22 personalın çalışdığı bölmədə kompakt və əhatəli xidmət göstərilir. Burada xəstəxanaya müraciət edən vətəndaşlara göstərilən xidmətlər barədə informasiya almaq üçün məlumat mərkəzi, ambulator müayinədən keçmək üçün qeydiyyat mərkəzi, şəhid ailələri və qazilərlə iş masası, digər tibb müəssisələrinə göndərilən xəstələr üçün göndərişlər paneli, rahatlığın təmin edilməsi üçün 50 nəfərlik gözləmə guşəsi və s. təşkil edilib”.
Qeyd edək ki, daha öncə eyni problem 5 saylı şəhər kliniki xəstəxanasının qarşısında yaşanmışdı.