Nostradamus kimi tanınan fransız astroloq Mişel de Nostredamın İtaliyanın paytaxtı Roma şəhərindəki kitabxanadan oğurlanan əlyazması Almaniyada hərraca çıxarılarkən aşkarlanıb.

Romadakı Barnabiti Tarixi Araşdırma Mərkəzi Kitabxanasından oğurlanan M.Nostredamın “Profetie di Michele Nostradamo” adlı latın dilindəki əlyazmasının dəqiq tarixi məlum olmasa da, kitabın 2007-ci ildə oğurlandığı bildirilir.

XVI əsrə aid təxminən 500 səhifəlik əlyazmanın oğurlanaraq Fransaya aparıldığı, burada “bit bazarı”nda satıldıqdan sonra Almaniyaya gətirildiyi müəyyən olunub.

Almaniyanın Ştutqart şəhərindəki hərrac evi kitabı hərraca çıxardıqdan sonra İtaliyanın mədəni irsi qoruma qrupları işin izinə düşüb. İtaliya polisinin Mədəni İrsin Qorunması Komandanlığı alman səlahiyyətliləri ilə əlaqə saxlayıb və əlyazmanın geri qaytarılmasını istəyib. Kitabın hərracda satılmasının qarşısı alınıb.

Almaniyada aparılan ekspertizalarda sözügedən kitabın İtaliyadan oğurlanmış əlyazma olduğu təsdiqləndikdən sonra onun geri qaytarılması prosesi başlayıb. Kitab yenidən Romadakı kitabxanaya gətirilib.

İstinadlar Qafqazinfo