
Azərbaycan və Qazaxıstan parlamentlərarası əməkdaşlığı həm ikitərəfli, həm də çoxtərəfli formatlarda fəal şəkildə inkişaf etdirir.
Bu barədə Milli Məclisin deputatı, Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Nizami Səfərov Azərbaycan-Qazaxıstan Ekspert Şurasının IV iclasında bildirib.
“Bu iş davam edir və mən çox ümid edirəm ki, gələcəkdə qazaxıstanlı həmkarlarımızla ikitərəfli formatda səmərəli əməkdaşlıq edə biləcəyik”, – o qeyd edib.
Deputat xatırladıb ki, Bakı və Astana arasında 40-dan çox beynəlxalq-hüquqi sənəd imzalanıb ki, bunların arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında bəyannamə də yer alır.
N.Səfərov vurğulayıb ki, Qazaxıstan və Azərbaycan cinayətkarlıqla mübarizə üzrə ümumi strategiya işləyib hazırlamalıdır.