
Rusiya Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Nijni Novqorodda irqi və milli nifrət və düşmənçilik motivləri ilə cinayətlər törədən ekstremist qruplaşmanın fəaliyyətini ləğv edib, 15 şübhəli şəxs saxlanılıb.
Bu barədə TASS-a Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
“Rusiya DİN-in Ekstremizmə Qarşı Mübarizə Baş İdarəsinin 2-ci şöbəsi, DİN-in Ekstremizmə qarşı Mübarizə Mərkəzi, Kinoloji Xidmət Mərkəzi və Ekspert-Kriminalistika Mərkəzinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ekstremist qruplaşmanın fəaliyyətində iştirakı mümkün olan 15 nəfər, o cümlədən ehtimal olunan təşkilatçı müəyyən edilib. Onların hamısı hüquq-mühafizə orqanlarına gətirilib”, – o bildirib.
İ.Volkun sözlərinə görə, mövcud məlumatlara əsasən, kriminal qruplaşmaya kollegial orqan – şura rəhbərlik edib, ümumi kassa və iştirakçıların toplanması üçün məkan olub.