Niderland parlamenti “erməni soyqırımı”nı tanıması üçün aylardır hökumətə təzyiqlər göstərir. Buna baxmayaraq, Niderland hökuməti “erməni soyqırımı”nı tanımadı.

Bununla bağlı Niderlandın xarici işlər naziri Kaspar Veldkamp parlamentə göndərdiyi məktubda hökumətin mövqeyini əsaslandıraraq bildirib ki, Türkiyə ilə münasibətlərin normallaşması və Azərbaycanla sülh Ermənistan üçün ən yüksək prioritetlərdir. Bu o deməkdir ki, rəsmi Amsterdam bu ambisiyaları dəstəkləyir və indi qondarma soyqırımı tanımaqla onlara mane olmaq istəmir.

“Bu, Ermənistanın, onun regionundakı ölkələrin və ya Niderlandın özünün maraqlarına mənfi təsir göstərə bilər”, – deyə K.Veldkamp vurğulayıb.

Baş verənlər göstərir ki, Niderland hökuməti vəziyyətə artıq praqmatik yanaşır, Türkiyə və Azərbaycanla münasibətlərə ciddi əhəmiyyət verir və erməni lobbisinin yox, Niderland dövlətinin marağından çıxış edir.

Məlumdur ki, Azərbaycanla Avropa İttifaqı, ATƏT və onun ayrı-ayrı üzvləri arasındakı əlaqələr son zamanlar genişlənir. Həmin ölkələr və təşkilatlar Cənubi Qafqazdakı reallıqları qəbul etməyə başlayıblar.

Əvvəllər ermənilər və onların havadarlarının fikri Cənubi Qafqaz üçün əsas idi, indi vəziyyət dəyişib. Bu reallığın qəbul olunmasına səbəb Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi və qlobal təhlükəsiz enerji təminatındakı rolu olub. Artıq dünya ölkələri Azərbaycanın haqlı mövqeyini qəbul edir və onunla hesablaşırlar.

Bir neçə il öncə Azərbaycanla Avropa ittifaqı arasında təbii qaza dair müqavilənin yenilənməsi, bu yaxınların Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın, həmçinin ATƏT-in baş katibi Firudin Siniroğlunun Bakıya səfəri Avropa ilə Azərbaycan arasındakı münasibətlərin inkişafına və genişlənməsinə sübutdur.

Artıq Ermənistan da Azərbaycanın təklif etdiyi reallığı qəbul edir. Ermənistan saxta erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasını özünün xarici siyasətinin prioriteti hesab etmir. Hətta baş nazir Nikol Paşinyan “soyqırımın” tanınması istiqamətindəki canfəşanlığı böyük faciə adlandırıb.

Lakin Avropa İttifaqında bəzi ölkələr və qüvvələr hələ də erməni lobbisinin düşüncələri və planlarını həyata keçirir. Ona görə də Niderlandda hələ 2018-ci ildə parlamentin qəbul etdiyi saxta soyqırımı qətnaməsinin hökumətin də qəbul etməsinə cəhd göstərilir. Lakin Niderland ilə Azərbaycanın, eləcə də Türkiyənin münasibətlərinin normallaşması sözügedən hadisəyə real yanaşmanı ortaya qoydu.

Niderland hökumətinin bu qərarı bir daha göstərdi ki, erməni lobbisinin cəhdləri iflasa məhkumdur.

Bu məsələdə, əlbəttə ki, Azərbaycanın yürütdüyü düzgün xarici siyasətin mühüm rolu var. Belə ki, son aylarda Ermənistan-Azərbaycan məsələsi ilə bağlı Niderland parlamentarilərinin yazılı suallarına Azərbaycan Xarici İşlər Nazirliyi çox balanslı cavab verir. Əvvəllər bu cür cavablar olmurdu.

Niderland XİN başçısının Azərbaycanla sülhün Ermənistan üçün yüksək prioritet olduğunu vurğulaması həm də onu göstərir ki, Avropa ölkələri daha Fransanın və erməni lobbisinin çirkli pulları ilə idarə olunmur. Bu reallığın yaranması Azərbaycanın praqmatik, realist siyasətinin nəticəsidir, həmçinin Azərbaycanın cənubi Qafqazın lider dövləti olduğunun və onun qlobal çəkisinin göstəricisidir.

Niderlandın Baş nazirinin müavini Marsel de Vinkin fevralda Bakıya səfəri də bu baxımdan əhəmiyyətlidir. Onun yenidən Bakıya qayıtması arzusunu açıqlaması və bir sıra fikirləri Avropa İttifaqının ayrı-ayrı ölkələrinin Azərbaycana göstərdiyi marağın nəticəsidir.

İstinadlar Report