Keçmiş müdafiə naziri Yoav Qalant noyabr ayında vəzifəsindən uzaqlaşdırıldıqdan sonra ilk dəfə verdiyi müsahibədə Baş nazir Benyamin Netanyahunu və kabinetini atəşkəs razılaşmasını gecikdirməkdə ittiham edib. Onun sözlərinə görə, bu razılaşma daha çox girovun sağ-salamat geri qaytarılmasına səbəb ola bilərdi.

O, həmçinin müharibənin ilk mərhələsində Hizbullaha qarşı genişmiqyaslı preventiv hücum planını rədd etdiyinə görə baş naziri sərt tənqid edib. Qalantın fikrincə, bu hücum həyata keçirilsəydi, İsrailin şimal sərhədində zorakılığın alovlanmasının qarşısını almaq olardı.

“Mən düşünürəm ki, İsrail hökuməti girovları qaytarmaq üçün mümkün olan hər şeyi etmədi,” – deyə Qalant “Yedioth Ahronoth” qəzetinə verdiyi müsahibədə bildirib. Müsahibənin tam məqaləsi cümə günü dərc olunacaq.

Keçmiş nazirin sözlərinə görə, hazırkı atəşkəs və girov mübadiləsi razılaşmasının əsas çərçivəsi apreldə təklif edilən və yay aylarında yekunlaşdırılan əvvəlki planla demək olar ki, eynidir. Əgər razılaşma o vaxt qəbul edilsəydi, İsrail daha çox girovu azad edə bilərdi və qarşılığında daha az fələstinli məhbus buraxılardı.

“Əslində biz eyni razılaşmanı daha çox girovla və daha aşağı qiymətə əldə edə bilərdik, çünki o zaman ömürlük həbs cəzası çəkən 110 terrorçu müzakirələrə daxil deyildi,” – deyə Qalant bildirib.

Lakin Maliyyə naziri Betsalel Smotriç və keçmiş milli təhlükəsizlik naziri İtamar Ben Qvir razılaşmaya kəskin şəkildə qarşı çıxıblar və “Nazirlər Kabinetini öz istədikləri istiqamətə çəkiblər,” – deyə o əlavə edib.

Qalantın HƏMAS-la razılaşma yolu ilə girovların qaytarılmasına dəstək verməsi onunla Netanyahu arasında davamlı fikir ayrılığı yaradıb. Nəticədə, keçmiş nazir ötən ilin noyabr ayında istefaya göndərilib.

Qalant vəzifədən uzaqlaşdırılmasının üç əsas səbəbi olduğunu bildirib: həredi (ultra-ortodoks) kişilərinin İsrail Ordusuna çağırılması tələbi, Qəzzadakı girovların azad edilməsinin vacibliyi və 7 oktyabr hücumu ilə bağlı dövlət istintaq komissiyasının yaradılması.

Keçmiş müdafiə naziri həmçinin İsrail Ordusu (IDF) komandanlığının 11 oktyabrda Hizbullaha qarşı genişmiqyaslı preventiv hücum planını təqdim etdiyini açıqlayıb. Onun sözlərinə görə, bu plan həyata keçirilsəydi, təxminən 12000-15000 Hizbullah döyüşçüsü məhv ediləcək və ya yaralanacaqdı. Plan çərçivəsində onların döyüş jiletlərinə qoşulmuş partlayıcı tələlərlə doldurulmuş radiolar istifadə ediləcəkdi.

“Düşünürəm ki, bizim 11 oktyabrda hərəkət etməməyimiz İsrail dövlətinin tarixindəki ən böyük təhlükəsizlik səhvidir. Təkcə bu müharibədə yox,” – deyə Qalant vurğulayıb.

Onun sözlərinə görə, Netanyahu bu planın qarşısını ABŞ-ın təzyiqləri ilə birlikdə alıb.

Tel-Əvivdə yerləşən Kirya hərbi qərargahında keçirilən bir görüşdə Netanyahu “dəfələrlə pəncərədən çölə baxaraq” deyib: “Bu binaların hamısını görürsən? Hizbullahın raket zərbələri nəticəsində bunlardan heç nə qalmayacaq.”

Qalant bu fikirlə razılaşmadığını bildirib və Nazirlər Kabinetinin dərhal toplanmasını tələb edib.

O, həmçinin İsrail Ordusunun yüksək rütbəli rəhbərliyinin 7 oktyabr hücumundan bir gecə əvvəl onu oyatmamasına görə narazılığını ifadə edib. Həmin gecə hərbçilər Qəzza zolağında birdən-birə 1000 İsrail mobil operatoruna aid SIM kartın aktivləşdiyini aşkar etmişdilər.