“İsrailin Livanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün Hizbullah hərəkatına qarşı hərbi əməliyyatlar keçirməkdən başqa seçimi yoxdur”.
Bu barədə İsrailin müdafiə naziri Yoav Qalant danışıb.
Qalant Livan-İsrail sərhədində vəziyyətin həlli ilə bağlı razılığın əldə olunması imkanlarının aşağı olduğunu vurğulayıb:
“Çünki “Hizbullah” Qəzza zolağında fəaliyyət göstərən Fələstinin radikal “HƏMAS” hərəkatı ilə bağlılığını davam etdirir və münaqişəni dayandırmaqdan imtina edir. İsrailin şimalında yaşayan sakinlərin evlərinə qayıtmasının yeganə yolu hərbi əməliyyatdır”.
Qeyd edək ki, bu yaxınlarda İsrail mediası Livana qarşı əməliyyatdan imtina edən müdafiə naziri Qalant ilə Baş Nazir Netanyahu arasında münaqişə yarandığını yazmışdı. Hətta Netanyahunun Qalantı vəzifədən azad edəcəyi və yerinə namizəd də tapdığı iddia olunurdu. Görünür, təzyiqlərdən sonra postunu qorumaq üçün Qalant Livandakl Hizbullah hərəkatına qarşı əməliyyata razılaşmalı olub.
İsraildə yalnız Qalant deyil, bir çox şəxslər Hizbullaha qarşı müharibəni riskli hesab edir. HƏMAS-la müqayisə olunmayacaq dərəcədə böyük hərbi imkanlara, döyüş təcrübəsi və partizan müharibəsi taktikalarına malik Hizbullahla mübarizədə uğur qazanmağın sual altında olduğunu İsrailin bir çox nüfuzlu hərbi-siyasi dairələri də etiraf edir.
Azərbaycan24 sosial şəbəkələrdə