İsrail Baş Nazirinin Azərbaycana gözlənilən 5 günlük səfəri xəbəri maraqla qarşılanıb. Ən əsası da bu müddətdə İsrail liderinin nə ilə məşğul olacağı sualıdır.

Azərbaycan 24’ Netanyahunun səfər proqramından bu məsələyə nisbətən aydınlıq gətirəcək detalları təqdim edir.

Səfər mayın 7-si axşam başlayacaq və həmin gün yalnız gəliş və sonrası gecə istirahəti ilə yekunlaşacaq.

O, mayın 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Bu ikitərəfli danışıqlarda müdafiə sahəsində əməkdaşlıq, enerji, ticarət və regional təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Səfərə rəmzi məna qatan daha bir məqam da mayın 8-nin Azərbaycanın yəhudi milli qəhrəmanı Albert Aqarunovun vəfatının ildönümünə təsadüf etməsidir. O, 1992-ci ildə Birinci Qarabağ Müharibəsi zamanı Şuşa uğrunda döyüşlərdə həlak olub. Netanyahu səfəri çərçivəsində Bakıda Şəhidlər Xiyabanında onun məzarını ziyarət edərək ehtiramını göstərəcək.

Sonrakı günlər üzrə dəqiq proqram açıqlanmasa da ümumi məlumatlar bəllidir. Diplomatiyadan əlavə Netanyahunun səfərində geniş mədəni proqramlar da var. İsrail mediasının məlumatına görə, o, səfəri zamanı yəhudi Şənbə gününü (Şabat) qeyd edəcək — bu, onun beynəlxalq səfərlərində daim diqqət yetirdiyi bir ənənədir.

Baş nazir həmçinin Azərbaycanın yəhudi icmasının nümayəndələri ilə görüşərək ölkənin yəhudi vətəndaşları ilə uzunmüddətli dini və mədəni bağları bir daha təsdiqləyəcək.

Onun sinaqoqlar və dağ yəhudilərinin məşhur məskənlərinə də baş çəkəcəyi istisna olunmur.