Tovuz rayonunda ötən ilin noyabrın 19-da itkin düşən və bu ilin yanvarın 6-da yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın qətli barəsindəki istintaqın gedişi ilə bağlı məhkəmə qərar verib.

Məhkəmə bu işdə ittiham olunan İlkin Süleymanovun barəsində ilk dəfə 2 ay müddətinə həbs qətimkan tədbiri seçmişdi. Ağır cinayətdə ittiham olunan şəxslərin qanunvericiliyə uyğun olaraq, 4 ay müddətinə həbs edilməli olmasına rəğmən belə bir qərar verilməsi, ictimaiyyətdə suallar yaratmışdı.

İ.Süleymanov barəsindəki 2 aylıq həbsin müddəti başa çatdığı üçün dünən, yəni martın 18-də istintaq orqanı məhkəməyə təqdimat göndərərək onun həbsdə qalma müddətinin 4 ay artırılmasını istəyib.

Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə İ.Süleymanovun iyulun 18-dək həbsdə qalmasına qərar verilib.

İ.Süleymanovun vəkili Əlibaba Rzayev məlumatı təsdiqləyib.