
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı rayonun Pirəbbə kənd sakinləri ilə növbəti səyyar görüşünü keçirib.
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.
Çıxış edənlər “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar.
Görüşdə çıxış edən Mirhəsən Seyidov bildirib ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ölkəni vətəndaş müharibəsi təhlükəsindən, separatizmdən, ictimai-siyasi pərakəndəlikdən və anarxiyadan xilas edib, xalqı yenidən vahid məfkurə ətrafında birləşdirib. Azərbaycan özünün geosiyasi imkanlarını genişləndirərək beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsindən sovuşub. Görkəmli dövlət xadimi çox qısa müddətdə elə bir strategiya və diplomatiya ərsəyə gətirib ki, hətta Azərbaycanın bədxahları da onun dühası, uzaqgörən siyasəti qarşısında aciz qaldıqlarını etiraf ediblər. Həmin strategiya ölkəmizin uzunmüddətli inkişafını təmin etməklə yanaşı, dövlət müstəqilliyimizin əbədiləşdirilməsinin də qarantına çevrilib.
RİH-nin başçısı bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatıdırb.
O, Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.
Qeyd edək ki, vətəndaşlar Neftçala RİH ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.