Daxili işlər naziri Vilayət Eyvazov Dövlət Yol Polisi Xidmətinin əməkdaşlarına xüsusi tapşırıqlar verib.

Tapşırıqlar içərisində əsas məsələlərdən biri yol polislərinin sürücülərlə birbaşa təmas etməkdən çəkinmələri və digər məqamlar yer tapıb.

Bu tapşırıqdan sonra vəziyyət necə olacaq?

Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq.

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, yenə təmas olacaq.

“Sözsüz ki, xüsusi texniki vasitələrin sayı artdıqca, təmas minimuma endiriləcək. Zərurət olmadıqda artıq yol patrul xidmətinin inspektoru sürücünü yolda saxlamayacaq.

Hansı hissədə ki, xüsusi texniki vasitənin köməyilə qayda pozuntusunu aşkar etmək mümkündürsə, həmin ərazilərdə sürücünü saxlamağa ehtiyac olmayacaq.

Lakin bu gün inspektorun yolda olması, hərəkəti tənzimləməsi mütləqdir. Son vaxtlar hərəkətin intensivliyinin artmasına baxmayaraq, yollarda nəqliyyatın ləngiməsinin aradan qaldırılması prosesi gedir.

Yəni əvvəlki kimi bir neçə qaynar nöqtələrdə yol ayırıcını keçmək daha çox vaxt aparırdısa, indi sürücülər həmin əraziləri rahatlıqla keçirlər.

Oxumağa dəyər:   Ombudsman nümayəndələri Silahlı Qüvvələrin hospitalında olublar

Buna misal olaraq “20 yanvar” ərazisini göstərmək istəyirəm. Əvvəl orada saxlayan nəqliyyat vasitələrinin çoxluğuna görə nəqliyyatın axını olduqca azalmışdı.

İndi ora polis naryadı cəlb olunub. Onlar PİK saatlarında nəqliyyatın hərəkətini tənzimləyirlər.

Cənab nazirin tapşırığı birinci növbədə nəqliyyatın rahat və fasiləsiz hərəkətinin təmin edilməsi, sürücülərlə qətiyyətli və eyni zamanda nəzakətli davranması tapşırılıb.

Bu o demək deyil ki, əməkdaş hansısa sürücünün yol verdiyi qayda pozuntusuna göz yummalıdır. Əksinə bu məsələyə prinsipial yanaşmaq tapşırılıb.

Sürücünün məsuliyyətdən kənarda qalması yenidən həmin qayda pozuntusuna yol verəcək”, – deyə K.Əliyev bildirib.

Qurum rəsmisi onu da vurğulayıb ki, hansısa qayda pozuntusu müşahidə kamerası, yaxud monitor vasitəsilə aşkar edilirsə, bu halda qayda pozuntusu yol polisi əməkdaşı tərəfindən bilavasitə protokollaşdırıla bilməz.

“Yəni nəqliyyat vasitəsi saxlanılaraq, sürücü barədə protokol tərtib edilə bilməz. Lakin yol polisi tərəfindən qayda pozuntusu aşkar edilirsə, bu sənədləşdirilir, sürücü onunla razılaşmırsa, onun barəsində qərar qəbul edilmir.

Oxumağa dəyər:   Ərdoğan: "Suriyada geri addım atmayacağıq"

Həmin ərazidə müşahidə kamerası varsa, qeydə alınan hadisəyə baxış keçirilir və vəziyyətə uyğun qərar çıxarılır.

Əgər kamerada sürücünün qayda pozuntusu qeydə alınırsa, onda görüntülər əsasında tədbir görülür.

Yol polisinin tətbiq etdiyi protokol isə ləğv edilir.

Nazirin tapşırıqlarından biri də odur ki, vətəndaşların müraciətinə vaxtlı-vaxtında baxılsın. Vətəndaşların müraciətləri cavabsız qalmasın.

Müraciət edən istənilən şəxsin sorğusuna əlavə araşdırma aparmaq zərurəti olmadıqda 15 gün, digər hallarda isə 30 gün müddətinə baxılır və vətəndaşa cavab verilir.

Vətəndaşın şikayət etməsi onun haqlı olduğu demək deyil. Şikayət araşdırılır, əgər şikayət öz təsdiqini tapırsa, onun haqqında tətbiq edilən protokol ləğv edilir, ona məlumat verilir”.

İstinadlar Baku.vs