Ötən il dünyada 473 QVt yeni bərpa olunan enerji güclərinin quraşdırılması və 570 milyard ABŞ dolları investisiya yatırılması kimi rekord nəticələrə baxmayaraq, “yaşıl enerji”yə keçid üçün bu göstəriciləri təxminən iki dəfədən çox, enerji səmərəliliyinə investisiyaları isə 7 dəfə artırmaq lazımdır.

Bunu energetika naziri Pərviz Şahbazov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən “Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi” tədbirində çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, təxminən bir il əvvəl COP28-də dünya ölkələrinin böyük əksəriyyətinin 2030-cu ilə qədər enerji keçidinin əsas sütunları olan bərpa olunan enerji və enerji səmərəliliyinə dair kollektiv öhdəliyə qoşulması və ədalətli keçid üzrə konsensus əldə etməsi qlobal istiləşməni 1,5°C ilə məhdudlaşdırmaq məqsədilə iqlim dəyişikliyinə qarşı mübarizədə, eyni zamanda qlobal enerji sistemlərinin transformasiyasında mühüm dönüş nöqtəsi olub.

“COP29 isə bu vədlərin icrasına və irəliləyişinə təkan verən, sürətli enerji keçidi qarşısında duran maneləri aradan qaldırmağa yönələn qlobal səylərin yeni hərəkətverici qüvvəsidir. İddialı maliyyə hədəfi, yenilənmiş və gücləndirilmiş Milli Töhfələr (NDC) və enerji təşəbbüsləri üzrə kollektiv razılığa nail olmaqla, COP29 bərpa olunan enerji üzrə üçqat, enerji səmərəliliyində isə ikiqat artım hədəflərinə çatmaq üçün unikal fürsət yaradır. Böyük bir regionda ilk dəfə Azərbaycanın ev sahibliyi etdiyi COP29 platforması bu qlobal tədbir bərpa olunan enerjinin üçqat, enerji səmərəliliyinin ikiqat artırılması məqsədlərinə doğru irəlilədiyimiz mühüm bir mərhələni təmsil edir”, – P. Şahbazov qeyd edib.

O əlavə edib ki, Qlobal Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi Vədi çərçivəsində Avropa Komissiyası, COP28, Beynəlxalq Enerji Agentliyi (IEA) və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə tərəfdaşlıq “yaşıl enerji”nin inkişafı və dayanıqlılığına, həmçinin daha parlaq və səmərəli gələcəyə doğru yönəldən beynəlxalq səylərə davamlı sadiqliyin əyani təzahürüdür.

P. Şahbazov deyib ki, IEA və IRENA-nın təhlillərinə görə, bərpa olunan enerjinin 11 000 QVt istehsal gücünə və qlobal enerji səmərəliliyinin illik artım tempinin 4 %-dən yüksək səviyyəyə çatdırılması üçün əhəmiyyətli və əlçatan investisiyalara ehtiyac var.

Nazir bildirib ki, investisiyalar şəbəkələrin modernləşdirilməsi və genişləndirilməsi, enerji saxlama imkanlarının artırılması, enerji səmərəliliyi tədbirlərinin gücləndirilməsi üçün vacibdir: “Bu isə enerji keçidinə 2030-cu ilədək ümumilikdə 31,5 trilyon ABŞ dolları sərmayə cəlbini zəruri edir. Hazırda mövcud olan bütün milli ambisiyalar tam şəkildə həyata keçirilsə belə, 2030-cu ilə olan hədəflərimizə çatmaqdan 30 % geri qalacağıq. Bu, bizim üçün önəmli bir xəbərdarlıqdır – enerji keçidini sürətləndirmək üçün qlobal səylərimizi gücləndirməli və ambisiyalarımızı daha da artırmalıyıq. Odur ki, COP29 sədrliyinin maliyyə ilə yanaşı, “Yaşıl Enerji üzrə Zona və Dəhlizlər Öhdəliyi”, “Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi” və “Hidrogen Bəyannaməsi” təşəbbüslərinin dəstəklənməsi kritik əhəmiyyət kəsb edir”.

İstinadlar Report