Açıq Hökumət Platformasının üzvü Əliməmməd Nuriyev son günlər sosial şəbəkələrdə Ədliyyə naziri Fikrət Məmmədovun qızının guya yol polisi tərəfindən saxlanılması barədə məlumatlara Feysbuk səhifəsində aydınlıq gətirib.

Ə.Nuriyev bildirib ki, şayiə xarakterli xəbərlər mütləq qənaət çıxarılması və buna əsasən hər hansı məlumatların ictimailəşdirilməsi, tirajlanması üçün yetərli ola bilməz:

“Sosial şəbəkələrdə Ədliyyə naziri Fikrət Məmmədovun qızının guya yol polisi tərəfindən saxlanılması barədə məlumatlar yayılır və məqsədli şəkildə tirajlanır. Bu barədə yayılan informasiyalarla tanış olduqdan sonra Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru kimi bu məsələ ilə maraqlandım. Qeyd edim ki, Ədliyyə Nazirliyi Azərbaycan Açıq Hökumət Platformasının üzvüdür və buna görə yayılan məlumatlar diqqətimizi çəkdi. Məlum oldu ki, spirtli içiki qəbul edərək nəqliyyat vasitəsini idarə edərkən yol polisi tərəfindən saxlanıldığı iddia edilən Nigar adlı xanım sürücü Fikrət Məmmədovun qızı deyil. Ümumiyyətlə, F.Məmmədovun Nigar adlı qızı yoxdur və onun qızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləmir və işləməyib”.