Müharibədə qələbə qazanmış tərəf heç vaxt sülh təklif etmir, ancaq biz bu istiqamətdə addımlar atmışıq.
Bunu Azərbaycanın Xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi “Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə” mövzulu beynəlxalq konfransda deyib.
O qeyd edib ki, Azərbaycan sülhün prinsiplərini işləyib hazırlayıb:
“Azərbaycan və Ermənistan arasında sülh istiqamətində maneələrdən danışdıqda qeyd edilməlidir ki, 30 il Azərbaycan əraziləri Ermənistan işğalı altında olub. 2020 və 2023-cü illərdə ərazilərimiz işğaldan azad ediləndən sonra isə Ermənistana sülh barədə təkliflərimizi göndərmişik. Müharibədə qələbə qazanmış tərəf heç vaxt sülh təklif etmir, ancaq biz bu istiqamətdə addımlar atmışıq”, nazir müavini vurğulayıb.
O bildirib ki, sülh müqaviləsinin imzalana bilməməsinin səbəblərindən biri masa arxasında Ermənistan nümayəndə heyətinin üzvlərinin fərqli mövqelərdən çıxış etməsidir.