“Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq qarşılıqlı dialoqa əsaslanır, çoxsaylı birgə layihələr həyata keçirilir”.

Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycan və Avropa Şurası (AŞ) arasında 20 illik əməkdaşlığa həsr olunmuş Azərbaycan Xarici İşlər Nazirliyi (XİN), Avropa Şurasının Bakıdakı Ofisi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “dəyirmi masa”da deyib.

Onun sözlərinə görə, rəsmi Bakı Avropa Şurası və insan hüquqları məsələsi ilə məşğul olan digər təşkilatlarla əlaqələrə böyük önəm verir.

Nazir müavini qeyd edib ki, bu il həm də Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi üçün nəzərdə tutulan 2022-2025-ci illər üzrə Fəaliyyət Planının təsdiqi baxımından mühüm əhəmiyyət kəsb edir. Yeni Fəaliyyət Planı ətraf mühitin mühafizəsi, süni intellekt, narkotiklərin qanunsuz dövriyyəsi və insan alveri ilə mübarizə də daxil olmaqla əməkdaşlığın yeni sahələrini əhatə edib.

“Münasibətlərimiz qarşılıqlı dialoqa əsaslanır, bizim çoxsaylı birgə layihələrimiz var. Avropa Şurası islahatların həyata keçirilməsində bizə kömək edir”, – M.Məmmədquliyev bildirib.

O, hazırda Azərbaycanda işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində fəal iş aparıldığını nəzərə çatdırıb: “Hazırda ölkə üçün əsas prioritetlər bu ərazilərin minalarla çirklənməsi problemini həll etməkdir, çünki təqdim edilmiş mina xəritələrinin dəqiqliyi cəmi 25% təşkil edir. Digər prioritet məsələ keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtmasıdır”.

İstinadlar Report