Azərbaycanda özəl səhiyyə sektorunda 1400-ə yaxın biznes subyekti fəaliyyət göstərir və bunlardan 1 274-ü ambulator, 110-u stasionar tibbi xidmət təminatçısıdır.

Bunu səhiyyə naziri Teymur Musayev Səhiyyə Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və “Özəl Tibb Müəssisələri Assosiasiyası” İctimai Birliyinin dəstəyi ilə keçirilən “Heydər Əliyev və özəl tibb sektoru” mövzusunda tədbir və Özəl Tibb Müəssisələri Assosiasiyası ilə görüşdə deyib.

T.Musayev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev respublikanın ictimai-siyasi, sosial-iqtisadi həyatının bir çox sahələri kimi, səhiyyənin də inkişaf tarixini yazıb: “Ulu Öndər müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə daim özəl tibb fəaliyyətinə dəstək verib. 1999-cu il dekabrın 30-da qəbul olunan “Özəl tibb fəaliyyəti haqqında” Qanunu bunun ən bariz nümunəsidir. Qanun özəl tibb fəaliyyətinin subyektləri arasında münasibətləri tənzimləyir, onların hüquq və vəzifələrini, bu fəaliyyətin təşkilati-hüquqi əsaslarını müəyyən edir”.

Nazir bildirib ki, Prezident İlham Əliyev tərəfindən sahibkarlıq sahəsinə verilən dövlət dəstəyi nəticəsində özəl tibb müəssisələrinin, özəl tibbi praktika ilə məşğul olan subyektlərin sayı artıb:

“2022-ci ilin dekabrında qəbul olunan “Dövlət-özəl tərəfdaşlığı haqqında” Qanunu səhiyyə sisteminin iştirakçıları arasında qarşılıqlı səmərəli fəaliyyət üçün geniş imkanlar açır. Ölkə rəhbərliyi tərəfindən insan kapitalı sahəsində həyata keçirilən sistemli tədbirlər nəticəsində tibb müəssisələri müxtəlif ixtisaslı tibb mütəxəssisləri ilə komplektləşdirilib. Özəl sektora dövlət dəstəyi sahibkarlıq subyektlərinin sayının artmasına səbəb olmaqla yanaşı, bu sahədə nəzarəti də şərtləndirir”.

T.Musayev özəl tibb müəssisələrini vahid platformada birləşdirərək, fəaliyyətləri ilə bağlı yaranan müxtəlif məsələlərin aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına vaxtında və düzgün çatdırılmasında Özəl Tibb Müəssisələri Assosiasiyasının təsis edilməsini vacib addım kimi qiymətləndirib.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin dövlət-özəl dialoqunun inkişafına dəstəyi, biznes subyektlərinin çətinliklərinin və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq təşkil olunan görüşlər və ictimai müzakirələr, sahibkarlara dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərin vahid məkanda – KOB evlərində təqdim edilməsi barədə məlumat verib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin tibbi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektləri ilə əməkdaşlığının ildən-ilə genişləndirildiyini vurğulayıb. Onun sözlərinə görə, icbari tibbi sığorta çərçivəsində özəl xəstəxanalarda dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyat və xidmətlər göstərilir.

Çıxışında ASK-nin prezidenti Məmməd Musayev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda səhiyyə sahəsində həyata keçirdiyi islahatlar çərçivəsində ən mühüm xidmətlərindən biri də özəl səhiyyə sisteminin tətbiqi olub. Onun sözlərinə görə, Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev ölkəmizdə səhiyyə sisteminin inkişafına xüsusi diqqət yetirir, eyni zamanda rəqabətə davamlı özəl tibb müəssisələrinin yaradılmasına böyük töhfə verir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov qeyd edib ki, ölkəmizdə səhiyyə sahəsində aparılan genişmiqyaslı islahatlar, eyni zamanda özəl və dövlət tibb müəssisələri arasında sağlam rəqabətin yaranması sayəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti yüksəlib. Bu isə Azərbaycan səhiyyəsinin gələcək inkişafı üçün təkan olub.

Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva da fikirlərini bölüşüb.

“Özəl Tibb Müəssisələri Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Günel Əliyeva bildirib ki, Assosiasiya insanların sağlamlığının qorunması, tibbi xidmət imkanlarının artırılması və səmərəli təşkili, bu sahədə dayanıqlı iqtisadi inkişafa nail olunması, KOB subyektləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılıb.

Tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli səhiyyəmizin inkişafına göstərdiyi diqqət və qayğıya, bu sahədəki fəaliyyətlərinə həsr olunan “Özəl səhiyyə” filmi nümayiş olunub.

Həmçinin, Səhiyyə Nazirliyinin, KOBİA-nın və Özəl Tibb Müəssisələri Assosiasiyası İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə sahibkarların suallarının cavablandırıldığı və təkliflərinin dinlənildiyi dəyirmi masalar təşkil olunub.

İstinadlar Report