Azərbaycanda özəl sektor və investorlar tərəfindən günəş enerjisi sistemləri, kiçik güclü mobil günəş və batareyalı enerji sistemləri, istixanalar üçün günəş və istilik nasoslu enerji sistemləri, binalarda biokütlə enerjisindən istilik məqsədli istifadə üçün enerji sistemlərinin tətbiqi və bir sıra digər müxtəlif layihələrin icrası nəzərdən keçirilməlidir.

Bunu ekologiya naziri Muxtar Babayev “Yaşıl enerji və ətraf mühit” bizneslər üçün inkişaf perspektivləri mövzusunda ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, ötən il Azərbaycan “Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə”yə qoşulub: “Hazırda ölkəmizdə “sıfır tullantı” modelinin, yəni tullantıların formalaşdığı mənbələrdə ayrıca toplanaraq müvəqqəti saxlanmasından təkrar emal edilməsinə qədər bütün prosesləri özündə birləşdirən idarəetmə sisteminin mərhələli şəkildə yaradılması istiqamətində işlərə başlanılıb. Eyni zamanda istehsalçılar və idxalatçılar qarşısında qablaşdırma tullantılarının təkrar istifadəsi və utilizasiyası öhdəliyi yaradan İstehsalçının genişləndirilmiş məsuliyyəti mexanizmi üzrə Qanun layihəsi hazırlanıb”.

M. Babayev vurğulayıb ki, iqtisadiyyatın bütün sahələrində yaranan istehsal tullantılarının tərkibində olan biokütlə maddələrindən elektrik enerjisinin istehsalında istifadə olunan bioqaz, biomaye və bərk biokütlənin alınması mümkündür: “Ölkənin potensialı bir daha göstərir ki, bu istiqamətdə dövlət və özəl sektorun birgə fəaliyyəti dayanıqlı və “yaşıl” inkişafın uğurla reallaşmasına şərait yaradacaq. Müasir iqtisadiyyatda təkrar emal anlayışı mühüm yer tutur”.

Nazir qeyd edib ki, resurslardan səmərəli istifadə və dairəvi iqtisadiyyat siyasəti vasitəsilə təkrar emal təcrübələrini gücləndirməklə təbii ehtiyatların qorunması, davamlı istifadəsinə nail olunmalıdır:

“Təkrar emal biznesini qurmaq, innovativ texnologiyaları tətbiq edərək “yaşıl” istehsalla məşğul olmaq istəyənlər üçün Balaxanı Sənaye Parkında əlverişli şərait yaradılıb. Hazırda Sənaye Parkında 25 rezident qeydiyyatdan keçib və burada tullantılardan xammal kimi istifadə edilərək hazırlanan məhsullar bir sıra ölkələrə ixrac olunur. Təkrar emal sahəsində müəssisələrin artırılması və bu sahənin daha da inkişafı ilə təbii sərvətlərin israfının və ekoloji çirklənmənin qarşısını almalıyıq, eləcə də əlavə xammal bazası yaratmalıyıq”.

Onun sözlərinə görə, 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücünün payı 30 %-ə çatdırılması əsas hədəf kimi müəyyən edilib: “Bu hədəf özəl sektor və investorlar üçün uzunmüddətli baxışı təmin edir və yeni layihələrin inkişafına təkan verir.

İstinadlar Report