“Heç bir suveren dövlət, o cümlədən Azərbaycan da öz ərazilərində bu cür qanunsuz hərbi mövcudluğa yol verə bilməzdi”.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyaya işgüzar səfəri çərçivəsində ATƏT-in Nazirlər Şurasının 30-cu iclasında çıxışında deyib.

Nazir qeyd edib ki, bütün iştirakçı dövlətlər tərəfindən ikili standartlara yol vermədən dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət edilməsinə qeyd-şərtsiz riayət olunmasının təmini yüksək əhəmiyyət kəsb edir: “Bu il Azərbaycanın öz ərazilərində suverenliyini tam şəkildə bərpa etməsi ilə yadda qaldı. 24 saat davam edən lokal anti-terror tədbirləri nəticəsində Ermənistan və onun qeyri-qanuni qondarma strukturu tərksilah edilərək buraxılıb və Azərbaycan ərazilərindən tamamilə çıxarılıb.

Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınması ilə bağlı şifahi bəyanatlarına baxmayaraq, bu ölkənin öhdəliklərini açıq-aşkar pozaraq, Azərbaycan ərazilərində ağır və hücum tipli silahlarla təchiz edilmiş on minlik silahlı şəxsi heyəti saxlamaqda davam etməklə, əslində revanş üçün vaxt udmağa çalışdığı aydın oldu.

Heç bir suveren dövlət, o cümlədən Azərbaycan da öz ərazilərində bu cür qanunsuz hərbi mövcudluğa yol verə bilməzdi.

İstinadlar Report