Naxşıvanda Türkiyədə 2016-cı il iyulun 15-də baş verən FETÖ terror təşkilatının çevriliş cəhdi zamanı həlak olan şəhidlərin xatirəsi anılıb.

Türkiyənin Naxçıvandakı Baş konsulluğunda 15 İyul – Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Türkiyədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı qəhrəmancasına həlak olanların və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iki ölkənin dövlət himnləri səsləndirilib.

Sonra şəhidlərin ruhuna dualar oxunub.

Türkiyənin Naxçıvandakı Baş Konsulu Asip Kaya çıxış edərək bildirib ki, bu gün Türkiyə demokratiya uğrunda qələbənin səkkizinci ildönümünü qeyd edir:

“Bu mənfur çevriliş cəhdi türk millətinin qanunun aliliyinə və ölkənin demokratik təsisatlarına sadiqliyini nümayiş etdirən daha bir qəhrəmanlıq dastanı ilə nəticələnib”

Vurğulanıb ki, 15 iyul gecəsi qardaş Azərbaycan da bu xəyanəti qətiyyətlə qınayaraq Türkiyənin yanında olub. Bu gün Türkiyə və Azərbaycan bütün sahələrdə əməkdaşlıq, birlik və qardaşlıq nümayiş etdirir.

İstinadlar Report