Naxçıvan Muxtar Respublikasının təhsil nazirinə yeni müavin təyin olunub

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Sərəncam imzalayıb.

Sərəncama əsasən, Rəşad Xəlil oğlu Xudiyev Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin olunub.

Mayın 27-də Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin olunmuş Rəşad Xəlil oğlu Xudiyevi Nazirliyin kollektivinə təqdim edib.

️Elxan Nəcəfov son illərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda, o cümlədən muxtar respublikada təhsil sahəsində həyata keçirilən islahatları diqqətə çatdırıb. Təhsil sahəsində qarşıdakı hədəflərdən də danışan Elxan Nəcəfov Rəşad Xudiyevə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Rəşad Xudiyev dövlətimiz tərəfindən ona göstərilən yüksək etimada görə minnətdarlığını bildirib, təhsil sahəsində qarşıya qoyulan hədəflərin layiqincə yerinə yetirilməsi üçün səylə çalışacağını bildirib.

Qeyd edək ki, Rəşad Xudiyev bundan əvvəl Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində Aparat rəhbəri, mədəniyyət nazirinin müavini, Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin müdiri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatı, Strateji planlaşdırma, innovasiyalar və təhlil şöbəsi, Dövlət proqramlarının (layihələrin) idarə edilməsi və monitorinqi sektorunun baş məsləhətçisi və digər vəzifələrdə çalışıb.