
Yaxın gələcəkdə Naxçıvan-Məşhəd qatarı istifadəyə veriləcək. Bu sözləri İranın Dəmir Yolları İdarəsinin rəsmisi Abbas Hacı Fətəli yerli mətbuata açıqlamasında deyib. O bildirib ki, bu məsələni fevralda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ilə Naxçıvanda keçirdiyi görüşdə müzakirə edib və razılıq əldə olunub.
Qeyd etmək lazımdır ki, Naxçıvan-Məşhəd qatarının istifadəyə verilməsi üçün zəruri infrastruktur mövcuddur. Hələ SSRİ dövründə Moskva-Tehran qatarı Naxçıvan Muxtar Respublikasının Culfa rayonundan İran ərazisinə keçərək Təbrizə, oradan isə Tehrana doğru hərəkət edirdi.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 90-cı illərində həmin infrastrukturdan istifadə etməklə Naxçıvan-Təbriz marşrutu ilə qatar istifadəyə verilmiş, insanların gediş-gəlişi intensivləşmiş, ticarət əlaqələri isə genişlənmişdi. Sonralar rentabelli olmadığı üçün Naxçıvan-Təbriz marşrutu fəaliyyətini dayandırıb.