NATO ölkələrinin dövlət və hökumət başçılarının qatıldığı NATO Zirvəsi Belçikanın paytaxtı Brüsseldəki NATO qərargahında başlayıb.

Zirvə toplantısında 30 üzv ölkənin liderləri iştirak edir.

Sammitin gündəmində ittifaqın yaxın 10 il üçün yol xəritəsinin müəyyənləşdirilməsi, NATO-nun strateji konsepsiyasının yenilənməsi, Çinin yüksəlişi, son illərdə Rusiya ilə pisləşən münasibətlərin vəziyyəti və Ukrayna, kiber təhdidlər, terrorizmlə mübarizə, dağıdıcı texnologiyalar, iqlim dəyişikliyinin təhlükəsizlik üzərindəki təsirləri və NATO-nun Əfqanıstandakı missiyasının ləğv edilməsindən sonrakı vəziyyət kimi məsələlər var.

Co Baydenin ABŞ Prezidenti seçildikdən sonra ilk dəfə qatıldığı NATO Zirvəsində Transatlantik münasibətlər də müzakirə ediləcək.

Sammitin sonunda NATO Baş katibi Yens Stoltenberqin mətbuat konfransı keçirməsi planlaşdırılır. Bundan əlavə, görüşün sonunda zirvə bəyanatının yayımlanması gözlənilir.

Sammit çərçivəsində dövlət və hökumət başçıları dünən axşamdan etibarən Brüsseldə ikitərəfli görüşlər keçirməyə başlayıblar. Bəzi liderlərin ikitərəfli görüşlərinin iclas başa çatdıqdan sonra NATO-nun mənzil-qərargahında davam edəcəyi gözlənilir.




İstinadlar Qafqazinfo