Gömrük İnkişafı Strategiyasına əsasən, 2025-2030-cu illərdə rəqəmsallaşma və texnoloji innovasiyaların tətbiqi əsas prioritet olacaq.
Bunu Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Maliyyə nəzarəti – dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi” mövzusundakı konfransda deyib.
Onun sözlərinə görə, Azərbaycanda gömrük prosedurlarının sadələşdirilməsi, şəffaf idarəetmə sisteminin tətbiqi və sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması istiqamətində vacib addımlar atılır: “Ticarətin asanlaşdırılması və rəqəmsallaşma sahəsində beynəlxalq standartlara uyğun mühüm islahatlar həyata keçirir. Xüsusilə, “Elektron Hesablaşma Sistemi”, “Optimallaşdırılmış Risk Analiz Sistemi” (ARAS) və “Səlahiyyətli İqtisadi Operatorlar” layihələri biznes subyektləri üçün daha əlverişli şərait yaradacaq. Bu sistemlər gömrük ödənişlərinin şəffaflığını artırır, risklərin idarə edilməsini optimallaşdırır və ticarət dövriyyəsinin sürətlənməsinə imkan yaradır”.