Milli Şuranın üzvü Gültəkin Hacıbəyli ReAL-ın icra katibi Natiq Cəfərlinin iddialarına cavab verib. Onun fikirlərini redaktəsiz təqdim edirik:

”Natiq Cəfərlinin nüfuzu

Dostlar, təsəvvür edin ki, mən Mirşahinin verilişinə çıxıb, yaxud Eynulla Fətullayevin saytlarına açıqlama verib REAL Partiyası və ya başqa bir müxalifət qurumunun əleyhinə danışıram. Mənim haqqımda nə düşünərsiniz?! Natiq Cəfərli Rauf Arifoğlunun qəzetində və internet televiziyasında, Kanal5, APA, “Səs” və s. kimi hökumət resurslarında dəfələrlə Milli Şura və mənim haqqımda sistemli şəkildə şər, böhtan, qarayaxma kampaniyası aparıb. Məndən son qeybətini də Eynulla Fətullayevin saytına edib, çünki bilir ki, hökumət mənə çox qəzəblidir və bəndənizi sistemli şəkildə təqib etməklə hətta mandat almaq da olar))). Nüfuz məsələsini dartışmaq istəmirəm, çünki kimin nüfuzlu, kimin nüfuzsuz olmasına cəmiyyət qiymət verir, bizlər yox. Sadəcə onu deyim ki, nüfuzsuz adama baş qoşmurlar, əhəmiyyət vermirlər, illərlə məhkəmələrdə süründürmürlər, üzünə duran adamlara prokurorluqda vəzifə vermirlər, 9 il 6 aylıq həbsdən şərti cəza ilə buraxmırlar, siyasi təzyiq məqsədilə uşağını, evini, maşınını əlindən almırlar, hətta uşağının ölkədən çıxışına qadağa qoymurlar, diplomatlarla telefon danışıqlarını, görüşlərini izləmirlər, “nüfuzsuz” insanı “cəsus” çıxarmaq üçün beynəlxalq hüquqa tüpürüb həmin danışıqların audioyazısını efirlərdən səsləndirmirlər, FB səhifəsini dəfələrlə kibercinayət yolu ilə ələ keçirib dağıtmırlar, hər statusunun altına 3-4 min troll şərhi yazdırmırlar (həmin trollar Natiq Cəfərlini bəyənir və ona dəstək şərhləri yazır), barəsində gecə-gündüz qarayaxma kampaniyası aparmırlar və bu kampaniya əks-effekt verəndə ona adına müxalifətçi deyən “nüfuzluları” qoşmurlar. Natiq Cəfərlinin əsas hədəfində üç insan var: Əli Kərimli, Gültəkin Hacıbəyli və son vaxtlar Əli İnsanov. Hökumətin ən çox qəzəbləndiyi şəxslər. Təsadüfdürmü?! Hökumət də Mllli Şura yoxdur deyir, Natiq Cəfərli də, təsadüfdürmü?! Amma “olmayan” Milli Şuranın saxta seçkilərə qatılmamasından hökumət də qəzəblidir, Natiq Cəfərli də. Amma seçicilərə çağırış edib onları seçkiyə dəvət etməsi, REAL-çılar seçilməsə seçki saxtakarlığına etiraz etməsi üçün “olmayan” Milli Şuradan dəstək istəyir. Məni 2000-ci ildə, Azərbaycanın qismən azad ölkə olduğu, Avropa Şurasına daxil olub üzərinə demokratiya və insan hüquqları sahəsində ciddi öhdəliklər götürdüyü bir vaxtda, AŞPA-da təmsil olunub, o vaxt çox az insanın bildiyi ingilis dilində erməniləri susdurmaq məqsədilə (bugünədək Azərbaycan xarici siyasətinin ən böyük uğurlarından olan 1416 saylı qətnaməni xatırlamaq yetər), özü də 26 yaşımda Əliyevdən mandat almaqda ittiham edən Natiq Cəfərli 20 il sonra, 2020-ci ildə, ölkənin avtoritarizmdən diktaturaya keçdiyi, beynəlxalq dəyərləndirmələrə görə qeyri-azad ölkə olduğu, ABŞ Dövlət Departamentinin rəsmi hesabatlarına görə seçki institutunun tamamilə sıradan çıxdığı, işgəncələrin tüğyan etdiyi, mitinqlərin, söz azadlığının qadağan olunduğu bir vaxtda keçirilən “seçkilərdə”, özü də müxalifətçi libasında, özü də 48 yaşında həmin mandatı görəsən kimdən almağa gedir?! Onun səslərini meydanlara çıxaraq , hətta Əli Kərimliyə, Tofiq Yaqubluya işgəncə verməkdən çəkinməyən polisin qarşısında kim qoruyacaq?! İşindən çıxarılmamaq, təqib olunmamaq üçün hətta razılaşdırılmış mitinqlərə gəlməyən, İlqar Məmmədovla şəkil çəkdirməkdən qorxan dəstəkçiləri?! Bu nağılları Natiq Cəfərli kimə-kimə, ancaq Azərbaycan xalqına danışa bilməz! Düzdür, o, nağıllar danışmağı çox sevir. Məsələn, gecə “səhər neftin qiyməti kəskin qalxacaq” yazıb səhər neftin qiyməti kəskin düşəndə həmin statusu dərhal silir. Beynəlxalq təşkilarlara “biz REAL üzvü deyilik, çoxdan istefa vermişik, bizə qrant verin” tipli müraciətlər yazan QHT təmsilçilərini REAL-çı kimi tədqim etməyi xoşlayır. Yeri gəlmişkən, beynəlxalq təşkilatdan qrant alıb Avropa Birliyinə səfər etmək və bu səfərə görə Milli Şuranı REAL-a paxıllıq etməkdə suçlamaq siyasi riyakarlığın zirvəsi idi. Avropa Birliyin mətbuat katibi Adam Koznovski “Amerikanın səsi” radiosuna müsahibəsində həmi səfərlə bağlı bunları demişdi: ” Aİ REAL nümayəndələrini nə Brüsselə dəvət edib, nə də ki, onların səfərinə sponsorluq edib”. Bəs özünü siyasi partiya kimi təqdim edən REAL dəvət olunmadığı Avropa Birliyinə qrant pulu ilə (!) niyə, hansı məqsədlə gedibmiş?! Avropa Birliyini insan hüquqları və demokratiya ilə bağlı heç bir ilkin şərt qoymadan Azərbaycanla Strateji Tərəfdaşlıq Sazişi imzalamağa inandırmaq üçün! Yenə də REAL-la hakimiyyətin mövqeyi üst-üstə düşdümü?! Maraqlıdır ki, İlqar Məmmədovun efirdə səsləndirdiyi REAL-çılar Brüsseldə olarkən Avropa Birliyinin təsadüfən xəbər tutub onları dəvət etməsi versiyası Natiq Cəfərlinin qrant pulu ilə AB səfəri versiyasını təkzib edir))). Ümumiyyətlə, qrant məsələlərində REAL mövqeyini dəqiqləşdirməlidir: onlar siyasi partiyadırlar, yoxsa QHT? Siyasi partiyadırlarsa, partiyanın rəhbərlərinin hamısı QHT rəhbəri ola bilməz, qrant ala bilməz axı! Natiq Cəfərlinin ədəbinə uyğun gələn “kiminsə ağzına baxmaq ” məsələsinə gəlincə. Mən, Heydər Əliyevin yanında, Təhlükəsizlik Şurasının iclaslarında, Zakir Qaralov və onun kimilərin qorxudan yumağa dönüb büzüşdüyü zaman dəfələrlə hər şeyi gözə alıb siyasi məhbusların əksəriyyətini buraxmaq lazımdır deyən adamam. Buna görə dəfələrlə Səməd Seyidovdan, sonralar Oqtay Əsədovdan “sən öz karyeranı məhv edirsən” kimi xəbərdarlıqlar alan adamam. Mən dəfələrlə Ramiz Mehdiyevin təkidli tələblərini geri çevirən, boz kardinala yox deyən adamam. 8 ildir Natiq Cəfərlinin cəmi 27 gün dözmədiyi təzyiqlərə dözən adamam. Heç bir inzibati resursu, təzyiq mexanizmi, pulu, vəzifəsi olmayan Əli Kərimlinin ağzına niyə baxmalıyam ki, bu nə mədəniyyətsizlikdir! Mən Əli bəyi hazırda Azərbaycan müxalifətinin lideri və ölkənin ən güclü siyasətçisi hesab edirəm və məncə, bu mövqeyimdə orijinal deyiləm, ölkə əhalisinin ən azı yarısı belə düşünür. Biz, Milli Şurada bir-birimizlə, o cümlədən Əli bəylə mübahisə də edirk, bəzən hətta sərt mübahisələr edirik, ancaq sonra bir-birimizdən üzr istəyib yolumuza davam edirik. Bəzən Əli bəyin təklifləri keçmir, bəzən mənimki, bəzən, hətta sədrimizin Cəmil müəlliminki. Ancaq siz bunları heç vaxt bilmirsiniz, çünki biz kolxoz yox, yüz minlərin ümid yerinə çevrilmiş, liderlərilə şəkil çəkdirməkdən qorxmayan, mitinqlərdə iştirak etməkdən çəkinməyən on minlərlə fədakar insanı arxasınca aparan yetkin və məsuliyyətli siyasi komandayıq. Üç üzvü eyni vaxtda bir-birini təkzib edən bəyanatlar verən, ictimaiyyət qarşısında bir-birini aşağılayan, rəhbərləri ildə 4-5 dəfə siyasətdən gedib qayıdan və sosial şəbəkələrin gülüş obyektinə çevrilənlər belə monolit komanda ruhundan anlamazlar. Və sonda bir mühüm məsələdən danışmaya bilmərəm. Hökumətin mənə olan qəzəbi bəllidir, ona görə də məni hədəf almaqla hökumətin yanında asan xal qazanmaq, “molodes” almaq istəyən insanları başa düşürəm, Natiq Cəfərli onlardan nə birincisidir, nə axırıncısı. Ancaq Natiq Cəfərli bugünədək Azərbaycan müxalifətində heç kimin etmədiyi bir ilkə imza atdı: yalandan üzümə durdu! Hətta hakimiyyətdəkilər də bu işi özləri etmir, məsələn, bir insan alçerçisi, səfil hal şahidi tapıb üzə qoyurlar. Natiq Cəfərli isə qıpqırmızı üzümə durdu ki, guya mən nə vaxtsa REAL-a sıravi üzv (!) olmaq istəmişəm, bunun üçün müraciət etmişəm, REAL-ın idarə heyətində müsahibədə olmuşam və məni qəbul etməyiblər! Yalanın, böhtanın bu qədərini özünə sığışdıran birisinə daha nə demək olar?! Mən 2011-ci ildən, tanınmış ziyalımız, akademik Rafiq Əliyevin təkidli dəvətilə Ziyalılar Forumunun üzvü olmuşam və hökumət məni “ya Universitet, ya Ziyalılar Forumu” seçimi qarşısında qoyanadək Qafqaz Universitetində dərs demişəm. Mənim 2010-cu ildən sonra nə aktiv siyasətə qoşulmaq, nə hansısa bir siyasi partiyaya üzv olmaq niyyətim olub. Milli Şura yaranmamışdan öncə Ziyalılar Forumunda yalnız iki nəfər- professor Cəmil Həsənli və mən bu təşkilata qoşulmayacağımızı açıq bəyan etmişdik, çünki siyasi ambisiyamız yox idi. Ancaq sonradan dostlar “siz olmasanız, Milli Şura olmayacaq” şərtini qoydu və hökumət mənə qarşı iyrənc 17 may mətbuat konfransını keçirdi və mən yalnız bundan sonra, həm də samballı kişilərin təkidilə Milli Şuraya üzv oldum. Sonra Müsavat partiyasındandan vəzifə təklifi alsam da, qəbul etmədim, çünki, azad ruhlu insanam və özümü heç vaxt siyasi partiya funksioneri kimi təsəvvür etmirəm. Mənim REAL-çılardan İlqar Məmmədovdan başqa heç kimlə ünsiyyətim olmayıb, bu ünsiyyətin təşəbbüskarı da həmişə İlqar Məmmədov olub, məni Avropa Şurası Məktəbinin rəhbərliyinə də hələ “nüfuzsuz” millət vəkili olduğum dönəmdə o özü dəvət edib. İndi, bütün bunlardan sonra Natiq Cəfərli üzümə durub deyir ki, guya mən REAL-çı olmaq istəmişəm, ancaq “sobesedovaniyadan” keçməmişəm! O zaman ki, REAL-ın əsas təşkilatçısı olan Azər Qasımlının və xanımının sözlərinə görə bu dərnəyin heç 30 nəfər üzvü olmayıb! O zaman ki, REAL-çıların özlərinin etiraflarına görə ikinci kurs tələbələri ona üzv olmaqdan imtina edirmiş! Harada olub o “sobesedovaniye”, kim iştirak edib orada?! Ümimiyyətlə, İlqar bəyin həbsinədək Natiq Cəfərli ilə mən haradasa iki kəlmə kəsmişəmmi, onu tanımışammı?! Gerçək ondan ibarətdir ki, İlqar Məmmədov bir neçə dəfə məndən dostcasına gələcək planlarımı soruşub, REAL Hərəkatına üzv olmaq istəyib-istəməməyimlə maraqlanıb, mən də ona heç bir siyasi təşkilata qoşulmaq istəmədiyimi demişəm, o da təkid etməyib. Bu boyda yalan danışmağı, olmayan hadisəni uyduqmağı, saxta ssenari qurmağı insan özünə, şəxsiyyətinə necə sığışdıra bilər axı?! Ancaq bu sualın cavabını mən bilirəm. Natiq Cəfərli bununla parlamentin cib müxalifətinin “yüksək” standartlarına uyğun gəldiyini, lazım gələndə üzə durmağı bacardığını, daim ona mandat verəcək şəxslərin ağzına baxacağını sübut etmiş olur! Mən sidq ürəklə ona bu seçkilərdə İlham Əliyevdən deputat mandatı almağı arzulayıram, çünki, əminəm ki, o, parlamentin ən nüfuzlu, hətta Araz Əlizadədən də nüfuzlu üzvü olacaq. Bu münasibətlə onun bəri başdan təbrik edirəm!”