NASA Yer və Ayın əsrarəngiz videosunu paylaşdı

ABŞ-ın “Artemis-1” kosmik gəmisi Ay və Yerin maraqlı görüntüsünü çəkib.
Görüntülər dünən lentə alınıb.
Belə ki, bu əsrarəngiz görüntünü “Artemis-1” dünən evə – Yer kürəsinə dönərkən çəkib.
Həmin videonu təqdim edirik:
Bakıda narkotik satan kuryer şirkətinin əməkdaşları saxlanılıb – VİDEO

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan kuryer şirkətlərindən birinin əməkdaşları saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan kuryer şirkətlərindən birinin əməkdaşlar – Sübhan Qəhrəmanov və Elgün Quliyev saxlanılıblar. Onların üzərində şəxsi axtarış aparılan 6 qrama yaxın marixuana aşkar edilib. İlkin sorğu zamanı bu şəxslər narkotikləri həmkarları Ayxan adlı şəxsdən onlayn yolla aldıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs – Ayxan Məmmədov da tutularaq istintaqa təqdim edilib. Onun üzərindən və evindən isə 7 qrama yaxın marixuana aşkar edilib. Ayxan Məmmədov isə ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə Məhəmməd adlı şəxsdən aldığını bildirib. Adı çəkilən sonuncu şəxsin tutulması istiqamətində keçirilən əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Məhəmməd Hacıyev də saxlanılıb. Onun idarə etdiyi avtomobildən 5 kiloqramdan artıq marixuana akar edilib. Məhəmməd Hacıyev paytaxt ərazisində taksi fəaliyyəti adı altında narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib. O, marixuananı sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti məlum olmayan İran vətəndaşından aldığını qeyd edib.
Aşkar edilən faktlarla bağlı toplanan materiallar Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam edirilir.
Qeyd edək ki, 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən sonuncu əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əlavə 5, həmçinin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən 1 nəfər saxlanılıb. Onlardan müxtəlif xassəli narkotik vasitələr və 1 ədəd “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.
Ararat Mirzoyan 280 min dollara malikanə alıb – Video

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan özünə 280 000 dollara malikanə alıb.
Bu barədə məlumatı “Civilnet-am” yayıb.
Məlumata görə, Ararat Mirzoyan və həyat yoldaşı Qoar Abacyan malikanəni ötən ilin dekabrında Kotayk vilayətinin Kasax kəndində əldə edib.
XİN rəhbərinin sözügedən məbləğə malikanə alması Ermənistanda ictimaiyyət arasında birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Onun vəzifədə olduğu illərdə öz sərvətini artırdığı iddia olunur.
Qeyd edək ki, Ararat Mirzoyan 2018-ci ildə Baş nazirin birinci müavini təyin edilib. 2019-2021-ci illərdə isə Ermənistan parlamentinin sədri vəzifəsində olub və 2021-ci ilin avqustunda XİN rəhbəri vəzifəsinə gətirilib.
Binəqədidə hərbi sursat aşkarlanıb – VİDEO

Bakı şəhəri, Binəqədi rayonu ərazisində hərbi sursat aşkar edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 10 ədəd 100 mm-lik minaatan mərmisinin, 2 ədəd 100mm-lik tank mərmisinin, 10 ədəd RPQ-7 mərmisinin hissələri və bəzi mərmi qirintıları olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Fuad Hüseynəliyev: “Lavrovun KTMT missiyası yerləşdirilməsi ilə bağlı təklifi reallaşmaq imkanını itirib” – VİDEO

“Ermənistan Rusiyanın KTMT missiyası yerləşdirmək təklifinə imtina ilə cavab verərək Azərbaycanla şərti sərhəddə yerləşdirilən Avropa İttifaqının müvəqqəti missiyasının tərkibini və mümkün əhatə dairəsini artırmaq məqsədilə yardım üçün Avropaya üz tutdu”.
Bunu “Report” informasiya agentliyinin direktoru Fuad Hüseynəliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının yerləşdirilməsinin mümkün planı ilə bağlı bəyanatını “Baku TV”yə şərh edərkən deyib.
“Lavrov göstərmək istəyir ki, Rusiya həm müttəfiqlik münasibətlərində, həm də KTMT çərçivəsində Ermənistanın müdafiəsinə sadiq qalır. Amma burada məsələ artıq Ermənistan və onun razılığı ilə bağlı deyil, hər şey Aİ-nin razılığı ilə olacaq”, – agentliyin direktoru bildirib.
O, vurğulayıb ki, Lavrovun KTMT missiyasının Ermənistan-Azərbaycan şərti sərhədində yerləşdirilməsi təklifi reallaşmaq imkanını itirib.
“Çünki Aİ Rusiya müşahidəçilərinin və ya tərkibi böyük çoxluqla elə Rusiyanın özündən olacaq KTMT missiyasının yaxınlıqda olmasına imkan verməyəcək. Belə ki, hər şərti 50 müşahidəçiyə KTMT üzvü olan digər ölkələrdən maksimum 1-2 nümayəndə düşəcək. Rusiyanın Qərblə mürəkkəb münasibətlərini nəzərə alsaq, Lavrovun təklifinin reallaşması mümkün deyil”, – Fuad Hüseynəliyev qeyd edib.
Sudan qanunsuz istifadə edənlər aşkarlandı – Video

Su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə aparılan araşdırmalar nəticəsində Sumqayıt şəhərində içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.
Bir vətəndaşa məxsus donuzçuluq təsərrüfatının su təchizatı özbaşına çəkilmiş xətt vasitəsilə təmin olunduğu bəlli olub.
Təsərrüfat sahibi texniki şərt almadan və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə bağlamadan sudan bolluca istifadə edir. Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən və kafe kimi fəaliyyət göstərən 2 obyektin də su təchizatı özbaşına çəkilmiş xətt vasitəsilə aparılır. Obyektlərin sahibləri yaxınlıqda yerləşən binanın zirzəmisindən su götürürmüş.
Nəzarət tədbirləri zamanı bir sıra fərdi yaşayış evlərinin də içməli su şəbəkəsinə qanunsuz qoşulduğu aşkarlanıb. Belə ki, fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan şəxslər yaxınlıqdan keçən su xəttindən bir neçə yaşayış evinə qeyri-qanuni su xətti çəkiblər.
Aşkarlanmış qeyri-qanuni xətlər və birləşmələr ləğv edilib. Fərdi yaşayış evlərinin və obyektlərin sahiblərinə su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumatlar verilərək bildirilib ki, içməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək.
Bakıda “Kalaşnikov” gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb – VİDEO

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş İmişli rayon sakini Qasıməli Qasımov tutularaq istintaqa təqdim edilib. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edilib.
Qasıməli Qasımov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını deyib.
Faktla bağlı 21-ci Polis Bölməsində toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
“Şərur” MTK-ya məxsus binada liftin fəaliyyəti məhdudlaşdırılıb – VİDEO

“Şərur” MTK-ya məxsus binada liftin fəaliyyəti məhdudlaşdırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Bakıxanov küçəsi, 66 ünvanında yerləşən “Şərur” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasında liftin qəzalı vəziyyətdə istismar olunması barədə vətəndaş tərəfindən müraciət daxil olub.
Müraciətlə əlaqədar dərhal FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən həmin binadakı liftə texniki baxış keçirilib. Baxış zamanı həqiqətən də liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi və insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.
Qeyd olunanlar nəzərə alınaraq, liftin istismarı dayandırılıb və aşkar edilmiş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün “Şərur” MTK qarşısında məsələ qaldırılıb.
Həmçinin müvafiq akt tərtib edilərək, yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftin istismarının mümkün olacağı və liftin müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə məsuliyyət daşıdıqları sözügedən MTK-nın rəhbərliyinə izah olunub
Xətaidə marketdən oğurluq edən şəxs saxlanılıb – VİDEO

Paytaxtın Xətai rayonunda yerləşən marketlərdən birindən oğurluq edilməsinin qarşısı mühafizə polisləri tərəfindən alınıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, rayon ərazisində yerləşən xüsusi texniki vasitələrlə qorunan obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Əraziyə gələn polislər obyektə baxış keçirən zaman bir nəfərin mağazanın arxa tərəfində yerləşən ehtiyat çıxışından ora daxil olduğunun şahidi olublar. Polislərin operativliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum edilmiş Elvin Quliyev saxlanılaraq ərazi üzrə Polis Bölməsinə təhvil verilib. Həmin şəxs tutulan zaman əlində olan bıçaqla müqavimət göstərmək istəsə də onun bu niyyətinin qarşısı polis əməkdaşlarının çevikliyi nəticəsində alınıb. Saxlanılan şəxsin üzərində axtarış aparılan zaman marketdən oğurladığı 1700 manat aşkar olunub. Elvin Quliyevin oğurluq niyyəti ilə obyektə daxil olması mağazanın təhlükəsizlik kameraları vasitə ilə də anbaan lentə alınıb.
Saxlanılan şəxsin Xətai və paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdiriıir.
“Azəriqaz” rəhbərliyi Göygöldə qazlaşma işlərini yoxladı – Video

“Azəriqaz”ın bölgələrdə həyata keçirilən qazlaşdırılma işlərinin yerində yoxlanılması və əməkdaşların iş şəraiti ilə tanışlıq prosesi davam edir.
Bu məqsədlə qurumun baş direktorunun müavini Ceyhun Şıxəliyev ilk olaraq Göygöl rayonunun Quşqara kəndində olub.
Qurum rəsmisinə görülən işlərlə bağlı ətraflı məlumat verilib. Daha sonra ərazidə çalışan bir qrup Birlik əməkdaşı Fəxri Fərman və hədiyyə ilə təltif olunub.
Quşqara kəndindən sonra növbəti səfər rayonun ucqar ərazidə yerləşən Gəncəkənd kəndinə olub.
Qazlaşdırılma prosesinin böyük bir qisminin icra olunduğu və qısa müddət ərzində işlərin yekunlaşacağı ilə bağlı məlumat verilib. İşlərlə tanışlıqdan sonra qurum rəsmisi bir qrup əməkdaşı Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb.
“Tamaşaçı ilk dəfə yeni final görəcək” – Video

Məlum olduğu kimi, fevralın 24-də Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi nümayiş olunacaq. Tamaşa Heydər Əliyev Mərkəzi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə hazırlanır.
“Qafqazinfo” sözügedən tamaşanın Azərbaycan Dövlət Akademik Milli Dram Teatrındakı məşqlərində iştirak edib, yaradıcı heyətlə söhbətləşib.
Heydər Əliyev Mərkəzinin nümayəndəsi Zafiq Xəlilov bildirib ki, Mərkəz “Heydər Əliyev İli” çərçivəsində ümummilli liderin irsinin təbliği istiqamətində bir sıra çoxşaxəli layihələr planlaşdırır: “Ən əsas layihələrdən biri də “Heydər Əliyev və milli teatr sənəti” layihəsidir. Bu layihə çərçivəsində ulu öndər, ümummilli lider Heydər Əliyevin ən çox sevdiyi və böyük maraqla izlədiyi tamaşaların nümayişi nəzərdə tutulur. Heydər Əliyev hər zaman müsahibələrində “Ölülər” tamaşası ilə bağlı fikirlərini bildirib, pyesin bənzərsiz, tarixi, həddindən artıq fəlsəfi əsər olduğunu qeyd edib”.
Tamaşanın rejissoru Xalq artisti Azər Paşa Nemətov deyib ki, hazırda tamaşanın Heydər Əliyev Mərkəzinin səhnəsinə uyğunlaşdırılması prosesi aparılır: “O səhnə bizimkindən daha genişdir, daha böyükdür. Səhnələr fərqli olduğuna görə yeni dekorasiyalar hazırlayırıq.
Nemətov əlavə edib ki, Heydər Əliyev Mərkəzində nümayiş olunacaq tamaşanın finalı başqa cür olacaq: “Tamaşaçı ilk dəfə yeni final görəcək. Mənə elə gəlir ki, o da çox maraqlı olacaq. Şəxsən mənim üçün çox maraqlıdır. Bu final yalnız Heydər Əliyev Mərkəzində olacaq. Bilirəm ki, tamaşaçılar səhnə əsərindən həzz alacaqlar”.
“Ölülər” tamaşasında əsas obrazlardan biri “Şeyx Nəsrullah”ın ifaçısı Xalq artisti Nurəddin Mehdixanlı qeyd edib ki, Heydər Əliyev Mərkəzi çox gözəl təşəbbüs irəli sürüb: “Bizim üçün çox xoş oldu ki, Heydər Əliyev Mərkəzi məhz ulu öndərimizin sevdiyi tamaşanın həmin Mərkəzdə nümayişini təşkil edir. Çalışcağıq ki, fevralın 24-də teatrımızı Heydər Əliyev Mərkəzində layiqli şəkildə təmsil edək. Bütün tamaşaçılarımızı Heydər Əliyev Mərkəzinə dəvət edirik”.
“Ölülər”in “Kefli İsgəndər”i Əməkdar artist Anar Heybətovun sözlərinə görə, məşq prosesi artıq yekunlaşıb: “Bu gün Dram Teatrında sonuncu məşqimiz idi. Qənaətbəxş oldu. Səhnələrin ölçüləri fərqli olduğundan bəzi düzəlişlər etmişik. Tam hazır vəziyyətdədir. İnşallah fevralın 24-də Heydər Əliyev Mərkəzində bu tamaşanı göstərəcəyik”.
Tamaşada “Şeyx Əhməd” obrazına həyat verən Əməkdar artist Aslan Şirin “Ölülər” tamaşasının Heydər Əliyev Mərkəzində səhnəyə qoyulmasını böyük mədəniyyət hadisəsi adlandırıb: “Həm də çox sevindirici haldır ki, bu tamaşanın nümayişi ulu öndərimizin 100 illik yubileyinə təsadüf edir. Teatrımızda da gözəl ab-hava yaranıb, gözəl məşq prosesi gedir. Baş rollardan birinin mənə həvalə edilməsindən çox xoşbəxtəm. Heydər Əliyev Mərkəzində səhnəyə çıxacağım üçün həyəcan yaşayıram. Düşünürəm ki, fevralın 24-də biz böyük tamaşaçı kütləsi ilə qarşı-qarşıya qalacağıq, yaxşı mənada. Teatrsevərləri, ziyalıları Heydər Əliyev Mərkəzinə Cəlil Məmmədquluzadənin “Ölülər” tamaşasına Akademik Milli Dram Teatrının təqdimatında baxmağa dəvət edirəm”.
Qeyd edək ki, ikihissəli tamaşada, həmçinin Xalq artistləri Əli Nur, Hacı İsmayılov, Kazım Abdullayev, Laləzar Mustafayeva, Rafiq Əzimov, Sabir Məmmədov, Əməkdar artistlər Aslan Şirin, Elxan Quliyev, Elşən Rüstəmov, Əlfida Cəfərov, Kazım Həsənquliyev, Mətləb Abdullayev, Məzahir Cəlilov, Mirzə Ağabəyli və teatrın digər aktyorları çıxacaqlar.
Səhnə əsərində SSRİ Xalq artisti Qara Qarayevin “Ölülər” üçün bəstələdiyi musiqi yeni versiyada təqdim ediləcək.
Hüseyn Məmmədsalahov
Video-fotolar: Müzəffər İsmayılov
Bakıda səkiyə çırpılan avtomobil yanıb – VİDEO

Bakıda səkiyə çırpılan avtomobil yanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, M.Müşfiq küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, idarəetməni itirərək yol kənarındakı səkiyə çırpılan “Toyota” markalı minik avtomobilində yanğın baş verib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin mühərrikinin yanar hissələri və idarəetmə lövhəsi yanıb. Yanğının avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib.
Bakıda “Makarov” tapançası ilə gəzən şəxs saxlanılıb – VİDEO

Bakıda “Makarov” tapançası ilə gəzən şəxs saxlanılıb.
Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Fuad Abdulov tutularaq Polis Bölməsinə gətirilib. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus 3 ədəd patron və daraq aşkar olunaraq götürülüb. Fuad Abdulov odlu silahı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək üzərində gəzdirdiyini bildirib.
9-ci Polis Bölməsində toplanan materiallar Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam edirilir.
“İmtahanlarda rüşvət yığılıb, cavablar telefondan köçürülür” – Video

“Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində imtahanlarda tələbə və valideynlərdən rüşvət alınıb, imtahanda cavablar telefon və dəftərlərdən köçürülür”.
Bu şikayətlə “Qafqazinfo”ya kollecin hüquqşünası Aynurə Muradova müraciət edib. Onun sözlərinə görə, bu hal dəfələrlə baş verib: “Bu görüntüləri 25 yanvar səhər saat 09:42-də çəkmişəm. Həmin an imtahan gedirdi. Mən birinci mərtəbədə olan vəziyyəti çəkə bildim. Eyni anda ikinci mərtəbədə də imtahan var idi. Görüntülərdən də göründüyü kimi, tələbələr cavablar üçün telefona baxırlar. Hüquqşünas olsam da, rəhbərlik məni imtanlara nəzarət etməyə qoymur. Direktor Vilayət İsmayılov, tədris işləri üzrə müavin Teymuraz Əfəndiyev, tərbiyə işləri üzrə müavin Sevinc Həmzəyeva kolleci şəxsi bizneslərinə çeviriblər. Onu da deyim ki, Teymuraz Əfəndiyev 2014-cü ildə korrupsiya ilə əlaqədar Sosial İqtisad Kollecindən işdən çıxarılıb”.
4 ildir bu kollecdə çalışdığını deyən A. Muradovanın iddiasına əsasən, bu vəziyyəti şikayət etdiyi üçün rəhbərlik onunla ədavət aparır: “Mənim ADİU-ya İqtisad universitetinə şikayətimdən bəri aylardır bəzi işçiləri öyrədib üstümə hücum edirlər. Əl atdan ərizə yığıblar ki, guya onları təhqir etmişəm”.
İddialarla bağlı Qida Sənayesi Kolleci ilə əlaqə saxladıq. Kollecin direktoru Vilayət İsmayılovun sözlərinə görə, deyilənlər tamamilə böhtandır: “Yazılı imtahan çətin olduğuna görə, humanist yanaşaraq biletlər paylandıqdan sonra tələbələrə 3 dəqiqə vaxt verilir ki, yaddaşlarını bərpa etsinlər. Həmin anı çəkərək yalandan istifadə ediblər. Onun davamı da var ki, artıq imtahana başlayanda telefonlar hamısı yığışdırılıb”.
Lamiyə Məmmədova
Azərbaycan komandolarının taktiki-xüsusi məşqləri davam etdirilir

Quru Qoşunlarının 2023-cü il üçün döyüş hazırlığı planına uyğun olaraq Əməliyyat (Komando) bölmələrində taktiki-xüsusi məşqlər davam etdirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Komandolar kəşfiyyat cığırının açılması, maneələr zolağından keçid və digər fəaliyyətləri real döyüş şəraitində məşq edirlər.
Həmçinin sığınacaqlarda və yaşayış məntəqələrində müqavimət göstərən şərti düşmənin təxribat-diversiya qrupunun mühasirəyə alınması və zərərsizləşdirilməsi üzrə tapşırıqlar uğurla icra olunur.
Əməliyyat (Komando) bölmələri ilə keçirilən məşqlərdə əsas diqqət hərbi qulluqçuların fərdi bacarıqlarının daha da yüksəldilməsi, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.
Şəhidimizin tabutu İran əsgərlərindən belə alınıb – Video

Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı zamanı şəhid olan Orxan Əsgərovun nəşi Bakıya gətirilib və ötən gün II Şəhidlər xiyabanında torpağa taşırılıb.
Şəhidimizin nəşinin Bakıya gətirildiyi saatlarda Tehran aeroportunda maraqlı anlar yaşanıb.
Belə ki, Azərbaycan heyətində yer alan təhlükəsizlik xidmətinin əməkdaşları İran hərbçilərinə şəhidimizin tabutunu daşımağı etibar etməyib.
Bu anda araya girən azərbaycanlılar, şəhidin tabutunu iran hərbçilərindən alaraq onu çiyinləri üzərinə qaldırıblar.
Azərbaycan heyətinin bu davranışı sosial şəbəkədə rəğbətlə qarşılanıb ki, bu da başadüşüləndir. Hər halda Orxan Əsgərovun İran hökumətinin səfirliyin təhlükəsizliyinə laqeyd münasibət göstərməsi nəticəsində şəhid olduğu heç kimə sirr deyil.
18 ildir kişi kimi yaşayır… – Video

İmişli rayon sakini Bulqeyst Əhmədova adlı qadın şəxsiyyət vəsiqəsi ilə bağlı problem yaşayır.
Adıçəkilən qadının şəxsiyyət vəsiqəsində cinsi “kişi” yazılıb.
Bundan başqa onun adı şəxsiyyətini təsdiq edən sənəddə Əhmədov Bulqeys Cəmil oğlu göstərilib.
8 övladı olan qadın 2015-ci ildə şəxsiyyət vəsiqəsini yeniləmək üçün İmişli rayon Polis Bölməsinə müraciət edib. Şəxsiyyət vəsiqəsi isə hazır olanda isə maraqlı durumla qarşılaşıb. Qadının vəsiqəsinin dəyişdirilməsi üçün doğum haqqında şəhadətnamə tələb olunur ki, ailə üzvləri də onu tapa bilmirlər.
Mövzu ilə bağlı hazırlanmış süjeti təqdim edirik:
Həmçinin baxın
Fuad Hüseynəliyev: “Lavrovun KTMT missiyası yerləşdirilməsi ilə bağlı təklifi reallaşmaq imkanını itirib” – VİDEO
Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib – VİDEO
Ordumuz körpü salmaqla su maneələrinin aşılması tapşırıqları praktiki icra edilir – VİDEO
“Səfirliyə hücumla bağlı bu xəbəri eşitsəydim, təəccüblənərdim” – Mirşahin+Video
“Azəriqaz” İB-də media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” keçirildi – Video
Binəqədidə narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb – VİDEO
Sürücülərə axşam saatlarında avtomobillərini texniki baxışdan keçirmələri üçün şərait yaradılıb – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla