Ötən gecə Suriyanın mərkəzində yerləşən Homs vilayətinin qərb hissəsinə ardıcıl hava zərbələri endirilib.
Bu barədə Türkiyənin “Anadolu” agentliyi yazıb.
Zərbələr yerli vaxtla saat 03:35 radələrində Cubaniya, Naem və Xuz rayonlarında bir neçə strateji hədəfə endirilib. Təyyarələrin kimə məxsus olduğu hələlik müəyyən edilməyib.
Hücumların hədəfində körpülər, hərbi qərargahlar və avtomobil karvanları olub. Bildirilir ki, bu ərazilər İranın dəstəklədiyi qruplar tərəfindən Suriyadan Livana hərbi texnika və döyüşçülərin köçürülməsi üçün istifadə olunur.
Qeyd olunur ki, Suriya hökumətinin hava hücumundan müdafiə sistemləri hücumların dəf etməyə çalışsa da, bunun qarşısını ala bilməyib.
Şahidlər partlayışlar nəticəsində çoxsaylı insan tələfatı və yaralananların olduğunu bildirirlər, lakin hələlik dəqiq rəqəmlər açıqlanmır.