
“Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın hansı faciələrlə, təhlükələrlə üz-üzə qaldığı yaddaşlardadı. O illər, həmçinin çoxəsrlik tariximizin faciəli səhifələri kimi daim vərəqlənir”.
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
M. Həsənov qeyd edib ki, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı:
“Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoydu. Belə olan vəziyyətdə ölkənin necə inkişaf edə biləcəyini düşünmək mümkün deyildi. Torpaqlarımız işğal edildi, ərazi bütövlüyümüz pozuldu, Ermənistandan 300 mindən çox azərbaycanlı, Dağlıq Qarabağdan bütün azərbaycanlılar qovuldu, Şuşa və Laçın işğal altına düşdü. Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yarandı. Bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Xalq bu vəziyyəti dəyişdirəcək yeganə şəxsin məhz Ümummilli lider Heydər Əliyev olduğunu dedi və ayağa qalxdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Ümummilli liderin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Ulu öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu”.
Millət vəkili vurğulayıb ki, ulu öndərin müstəqilliyimizin əbədiliyini təmin etmək üçün gördüyü işlərin miqyası ölçüyəgəlməzdir.
Deputat bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün işğaldan azad olunmuş torpaqlarımızda, Şuşada, Xankəndidə, Xocalıda dalğalanması Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir: “Müstəqillik tariximizin ayrı-ayrı dövrlərinin tarixi paralellər əsasında müqayisəli təhlili günümüzün əsas çağırışları sırasındadır. İndiki və gələcək nəsillərə müstəqillik yolumuzun heç də hamar olmadığı əsaslı şəkildə çatdırılır. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı Azərbaycan adlı dövlətin varlığından belə danışmaq mümkün deyildi. Məhz buna görə ulu öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən göz önünə ilk olaraq Onun xilaskarlıq missiyası gəlir. Dahi şəxsiyyət Azərbaycanı yenidən qurdu, müstəqil dövlət kimi tanıtdı”.
O qürurla bu məqamı da bildirib ki, artıq dördüncü ildir bayramları, tarixi günləri Zəfər ruhunda qeyd edirik:
“Ötən il 28 May-Müstəqillik Günündə ikiqat sevinc yaşadıq. Həmin gün Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər və Laçın rayonlarında səfərdə oldu, həmçinin Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, onlara evlərin açarlarını təqdim etdi. İlham Əliyev bu mühüm məqamı xüsusi qeyd etdi ki, bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir. Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir”.
Malik Həsənov bildirib ki, müasir müstəqil, qalib Azərbaycan bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur mənbəyidir.