İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının (ƏDL) Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən sammitində müsəlman ölkələrinin liderləri Qəzza zolağında və Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını tələb ediblər.

Bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman sammitdə çıxışı zamanı İsrailin hərbi əməliyyatları zamanı fələstinlilərin və livanlıların kütləvi şəkildə öldürülməsini pisləyib.

O, İsraili istənilən təcavüz təzahürlərindən çəkinməyə çağırıb və əlavə edib ki, beynəlxalq ictimaiyyət İsrailin Fələstin və Livanda müsəlmanlara qarşı hərəkətlərini dərhal dayandırmalıdır.

“İsrailin Fələstin xalqına qarşı davam edən təcavüzü sülh səylərinə mane olur”, – şahzadə deyib.

İordaniya Kralı II Abdullah isə bölgədə dağıntıların və eskalasiyanın dayandırılması üçün təcili tədbirlərin görülməsinə ehtiyac olduğunu qeyd edib.

“Biz boş sözlər eşitmək istəmirik. Biz bu faciəyə son qoymaq, Qəzzədəki xalqımızı xilas etmək və onlara lazım olan yardımı təmin etmək üçün ciddi mövqe, nəzərəçarpacaq səy istəyirik”, – monarx bildirib.

Qeyd olunur ki, ƏDL Baş katibi Əhməd Əbul Qeyt çıxışı zamanı İsrailin Fələstin xalqına qarşı hərəkətlərinin uzunmüddətli sülhə nail olmaq cəhdlərinə zərbə vurduğunu söyləyib.

Livanın Baş naziri Nəcib Mikati isə qeyd edib ki, ölkəsi hətta mövcudluğunun təhdid altında olduğu görünməmiş böhran yaşayır.

İstinadlar Report