Müdafiə Nazirliyi antiterror əməliyyatından görüntülər yaydı – Video
Qarabağda keçirilən antiterror əməliyyatının bir ili tamam olmaq üzrədir.
Azərbaycan Müdafiə Nazirliyi bu əməliyyatdan bəhs edən sənədli film hazırlayıb.
Filmdə antiterror əməliyyatından görüntülər yer alıb.
Həmin videonu təqdim edirik:
Kəmaləddin Heydərov gənc kursantların hərbi andiçməsində – Video
Bu gün Fövqəladə Hallar Nazirliyinin Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların təntənəli buraxılış mərasimi keçirilib.
Mərasimdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, nazir müavinləri və Nazirliyin məsul vəzifəli şəxsləri, FHN yanında İctimai şuranın üzvləri, FHN Akademiyasının müəllim və professor heyəti, kursantları və onların valideynləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən K.Heydərov kursantları, məzunları və onların valideynlərini təbrik edib.
Nazir bildirib ki, ulu öndərin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlər sosial-iqtisadi yüksəliş və tərəqqi mərhələləri kimi tarixə qızıl hərflərlə daxil olub.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatlar sayəsində milli təhsilimiz müasir dünya standartları səviyyəsində təşəkkül taparaq ölkəmizin hərtərəfli inkişafına mühüm töhfə verir.
Nazir Heydər Əliyev Fondu tərəfindən milli təhsilimizin inkişafı naminə həyata keçirilən çoxsaylı və irimiqyaslı layihələri xatırladaraq onların əhəmiyyətindən danışıb.
Ali dövlət qayğısı sayəsində yüksək səviyyəli kadrların yetişdirilməsi üçün Nazirliyin Akademiyasında hərtərəfli şəraitin mövcud olduğunu deyən nazir kursantların bu şəraitdən yararlanaraq dərin biliklərə yiyələnib daha güclü və qüdrətli Azərbaycana ləyaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib, bu yolda məzunlara və kursantlara uğurlar arzulayıb.
Daha sonra mərasim FHN-in müvafiq əmri ilə “leytenant” hərbi və xüsusi rütbələri verilmiş məzunlara diplomların təqdim olunması ilə davam etdirilib.
Akademiyanı əla qiymətlərlə bitirmiş məzun leytenant Amil Mirzəyev Akademiya məzunlarının buraxılış rəmzi olan xatirə lövhəsini “Yaş kötüyü”nə vuraraq məzun yoldaşları adından and içib.
Məzunlar Akademiyanın bayrağı ilə vidalaşaraq onu IV kurs kursantlarına təhvil veriblər.
FHN Akademiyasının bayrağı altında şəxsi heyətin təntənəli keçidi ilə mərasim başa çatıb.
FHN təlim keçirdi – Video
Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirilib.
Təlimə FHN-in Cənub Regional Mərkəzi, Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsi, Dövlət Yanğından Mühafizə Xidməti Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri cəlb olunub.
Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər şərti nəqliyyat qəzası zamanı avtomobillərdə baş vermiş “yanğını operativ söndürərək”, deformasiyaya uğramış avtomobillərdən “zərərçəkmişləri təxliyə edib onlara təxirəsalınmaz ilkin yardım göstəriblər”.
Uğurla keçən təlimin sonunda nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.
Macarıstan hərbiçiləri Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbi hissəsində olublar – VİDEO
Azərbaycan və Macarıstan Müdafiə nazirlikləri arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Macarıstan Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində qonaqlar əvvəlcə Xüsusi Təyinatlı Qüvvələrin “N” hərbi hissəsində olublar.
Hərbi hissənin qərargahında qonaqlara xüsusi təyinatlıların döyüş təcrübəsini əks etdirən brifinq təqdim olunub.
Sonra macarıstanlı qonaqlar hərbi hissədə görülən işlərlə tanış olub.
Macarıstan nümayəndə heyətinə xüsusi əməliyyat qrupunun taktiki fəaliyyəti, həmçinin bölmələrin istifadəsində olan silah-sursat, təchizat və döyüş texnikası nümayiş olunub.
Keçirilən görüşün məqsədi mümkün əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsinin aparılması, eləcə də qarşılıqlı əlaqələrin inkişafı istiqamətində təkliflərin müzakirə edilməsidir.
Bakıda altıotaqlı ev yandı – Video
Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən havanın küləkli olmasına baxmayaraq daha geniş sahəyə yayılmasına, o cümlədən yaxınlıqdakı evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 200kv.m. olan ikimərtəbəli 6 otaqlı fərdi yaşayış evinin dam örtüyü və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 100kv.m, 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 kv.m. sahədə yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Xəsarət alan yoxdur.
“Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib – VİDEO
Quru Qoşunlarında “Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən yarışda tank bölmələrinin döyüş hazırlığı yoxlanılıb.
Hərbi qulluqçulara sıra baxışı keçirildikdən sonra onlardan taktiki və fiziki hazırlıq üzrə məqbullar qəbul olunub.
Həmçinin gündüz və gecə vaxtı atış və sürücülük üzrə çalışmalar yerinə yetirilib.
Yarışın yekununda “Ən yaxşı tank bölüyü” adına layiq görülən bölmə müəyyən edilib.
FHN daha bir obyektin fəaliyyətini dayandırdı – VİDEO
Samux rayonu, Sərkar kəndində yerləşən “Akyol İnternational” MMC-yə məxsus dəri emalı sexində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Bu barədə FHN məlumat yayıb.
Belə ki:
– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;
– obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb;
– təxliyə planı mövcud deyil və insanların təxliyəsi üçün “Çıxış” sözü yazılmış işıqlı göstəricilər təmin edilməyib;
– taxta konstruksiyalı elementlər odadavamlı məhlulla hopdurulmayıb;
– obyekt “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta edilməyib;
– obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Samux rayonu, Sərkar kəndində yerləşən “Akyol İnternational” MMC-yə məxsus dəri emalı sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Ağdamda iritutumlu 4 su anbarı tikilir – Video
Böyük qayıdış planı istiqamətində Qarabağın Ağdam şəhərində işğaldan azad olunandan bəri düşmənin viran qoyduğu bütün strukturlar yenidən qurulur.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Bildirilib ki, agentlik Ağdamda su təsərrüfatı sahəsində irimiqyaslı işlər həyata keçirir.
“İşğaldan azad olunmuş ərazilərdə yerləşən yaşayış məntəqələrinin xarici su təchizatı, kanalizasiya və yağış suları sisteminin tikintisi” layihəsi çərçivəsində Ağdam şəhərinin su təsərrüfatı istiqamətində su və kanalizasiya sahəsində işlər sürətlə, intensiv və planlı şəkildə həyata keçirilir.
Texniki nəzarət mühəndisi Mahir Həmidov görülən işlərlə bağlı məlumat verərkən bildirib ki, Ağdam şəhərinin xarici su təchizatı kanalizasiya və yağış kollektoru layihəsi çərçivəsində +440 metr yüksəklikdə 2 ədəd tutumu 10000 kubmetr və +410 metr yüksəklikdə 2 ədəd tutumu 7500 kubmetrlik su anbarının tikinti işləri davam etdirilir: “Hazırda 10000 kubmetrlik su anbarının 1-ci kamerasının dəmir-beton işləri yekunlaşmaq üzrədir, 2-ci kameranın isə bünövrə betonu verilib. Demək olar ki, tikintinin 80 faizi icra olunub. 7500 kubmetrlik su anbarının da dəmir-beton işləri yekunlaşmaq üzrədir”.
Həmçinin o söyləyib ki, Qaraqayadan gələn magistral xəttin tikintisi davam etdirilir, 9 kilometrlik magistral xətdən 6.5 kilometri inşa olunub.
Hər iki anbardan şəhər şəbəkəsinə birləşdirilməsi üçün diametri 710 mm olan polietilen su borularının inşası həyata keçirilir. Anbarlardan şəhər şəbəkəsinə çəkiləcək 2500 metr borudan 2332 metri tamamlanıb.
Eyni zamanda, layihə çərçivəsində kanalizasiya kollektorunun tikintisi də davam edir. 6 kilometrlik xətdən 1.8 kilometri çəkilib.
2 ədəd subartezian quyusundan birinin tikintisinə başlanılıb.
İşğaldan azad olunmuş ərazilərdə sakinlər – keçmiş köçkünlər bərpa işlərinə cəlb olunurlar və layihələrin icrası zamanı onların irəli sürdükləri təkliflər də nəzərə alınır.
Ağdam şəhərinin su təsərrüfatının yenidən qurulması indiki və gələcəkdə obalarına geri dönən sakinlərin həyat keyfiyyətinin yüksəldilməsinə töhfədir.
FHN mülki müdafiə məşqi keçirdi – Video
Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin təşkilatçılığı ilə Şəmkir rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirilib.
Bu barədə FHN məlumat yayıb.
“Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusunda keçirilən tədbirə Gəncə Regional Mərkəzinin şəxsi heyəti və texnikası, Şəmkir Rayon İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, Fövqəladə Hallar Komissiyası və ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti cəlb edilib.
Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.
Tədbir zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Tədbirdə FHN-in Gəncə Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxış edərək, ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə məşqin vacibliyini diqqətə çatdırıb, bu cür tədbirlərin əhəmiyyətindən danışıblar.
Sonda məşqin təhlili aparılaraq çatışmazlıqlar diqqətə çatdırılıb, müvafiq tapşırıqlar verilib.
Əlahiddə Ümumqoşun Ordunun artilleriya bölmələri taktiki təlim keçirilib – VİDEO
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hazırlıq planına əsasən, artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bölmələr həyəcan siqnalı ilə daimi dislokasiya məntəqəsini tərk edərək cəmləşmə rayonuna çıxarılıb. İcra olunacaq fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, yaranmış taktiki şəraitə uyğun qəbul edilmiş qərara əsasən zabitlərin məruzələri dinlənilib.
Bölmələr marşrut üzrə müxtəlif maneələri dəf edərək atəş mövqelərinin tutulması, döyüş texnikası və artilleriya qurğularının döyüş vəziyyətinə gətirilməsi üzrə fəaliyyətləri icra edib.
PUA bölmələri ilə qarşılıqlı əlaqədə şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin olunub.
Praktiki atışlar zamanı planlı və plandankənar hədəflər dəqiqliklə məhv edilib.
Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, həmçinin komandir heyətinin artilleriya bölmələrini idarəetmə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən nümunəvi təlimdə yüksək peşəkarlıq nümayiş etdirilib.
FHN hərbi hissədə təlim keçirdi – Video
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə FHN-in yerli qurumlarının əməkdaşları və hərbi hissənin şəxsi heyəti iştirak edib.
Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, dəm qazı təhlükəsinin qarşısının alınması yolları, eyni zamanda “112” qaynar xətti barədə tədbir iştirakçılarına geniş məlumat verilib.
Praktiki hissə çərçivəsində isə FHN-in “112” qaynar telefon xəttinə daxil olan şərti yanğın barədə məlumat əsasında hərbi hissənin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə şəxsi heyətin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi”, “zərərçəkmişlərin” çoxmərtəbəli binadan təxliyə edilərək onlara təxirəsalınmaz ilkin yardımın göstərilməsi əməliyyatları yerinə yetirilib.
Daha sonra hərbi hissənin şəxsi heyətinə yanğınsöndürmə və xilasetmə işlərinin aparılması qaydaları izah edilib, xüsusi xilasetmə alət və avadanlıqları nümayiş olunub.
Yanacaqdaşıyan yük maşını yandı, sürücü öldü – Video
Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində yanğın baş verib.
Hadisə ilə əlaqədar dərhal qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının qəza nəticəsində yol kənarına aşmış avtomobilin çənində baş verdiyi və yaxınlıqdakı tikiliyə keçdiyi, habelə genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Yanğın yanğından mühafizə bölmələri tərəfindən tam söndürülüb.
***
FHN-dən bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının qəza nəticəsində yol kənarına aşmış yanacaqla dolu yanacaqdaşıyan avtomobilin çənində baş verdiyi və yaxınlıqdakı tikiliyə keçdiyi, habelə genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Yanğın nəticəsində yanacaqdaşıyan yük avtomobilinin yanar konstruksiyaları və 40 ton yanacaq, vətəndaşa məxsus yardımçı tikili yanıb. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.
Hadisə yerində avtomobilin sürücüsünün meyiti aşkar edilib.
Aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Əhmədbəyli-Füzuli-Şuşa yolu I oldu – Video
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi dünya üzrə İnnovativ inşaat metodologiyası nominasiyasında 1-ci yeri tutub.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, 2024-cü il Avropa və Mərkəzi Asiya Regional Mükəmməllik Mükafatlarına təqdim edilən Əhmədbəyli-Füzuli-Şuşa Avtomobil Yolu Layihəsi Beynəlxalq Yol Federasiyası (BYF Qlobal) tərəfindən İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib.
Qeyd edək ki, bu nüfuzlu mükafatın qalibi hər biri yollar və nəqliyyat sektoru ekspertləri olan müstəqil beynəlxalq münsiflər heyəti, hakimlər və BYF Qlobal-ın könüllülər rəhbərliyi tərəfindən qiymətləndirilərək seçilib.
Qapı arxasında qalan azyaşlı belə xilas edildi – Foto – VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən “Qafqazinfo”ya bildirilib ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onaltımərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olub və 2022-ci il təvəllüdlü azyaşlını yatmış vəziyyətdə aşkar edərək valideynlərinə təhvil veriblər.
“Mən o vaxt televizorda sizi qucaqlamışdım” – Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak ediblər.
“Qafqazinfo” həmin mərasimin videosunu təqdim edir:
Yolun ortasında məzar qazıb dəfn etdilər – Bakıda kuryoz hadisə+Video
Bakıda tamet pilitələri sındırıb yolun ortasında məzar qazıblar.
Hadisə Pirşağıda qeydə alınıb.
Belə ki, dünyasını dəyişən şəxs məzarlığın içərisinə gedən yolun üstündə dəfn edilib.
Hadisə ilə bağlı daha ətraflı Xəzər TV-nin süjetində:
“Azərenerji” Xankəndidə yeni yarımstansiya tikir – Video
Şuşadan Xankəndiyə 110 kV-luq ötürmə xətti çəkilir.
2023-cü ilin sentyabr ayında antiterror əməliyyatı keçirilərkən ölkə başçısının tapşırığına uyğun olaraq “Azərenerji” ASC-nin xüsusi komandası operativ işə başladı və yeni anker dayaqlar quraşdırılmaqla cəmi 4 gün içində “Şuşa” yarımstansiyasından Xankəndi və ətraf ərazilərə ilkin olaraq enerji verilməsi təmin edildi. Lakin separatçıların nəzarətində olan zaman 110 kilovoltluq xətlər və mövcud “Xankəndi” yarımstansiyası istismar müddətini çoxdan başa vurduğundan hələ o zaman tez-tez qəza açılmaları baş verir, uzunmüddətli fasilələr yaranırdı.
Məhz buna görə də bu ilin yazından başlayaraq “Azərenerji” tərəfindən Şuşa şəhərindən Xankəndiyə ən çətin dağlıq və meşəlik relyefdə 110 kV-luq ikidövrəli “Xankəndi-1”, “Xankəndi-2” yüksək gərginlikli ötürmə xəttinin çəkilməsinə start verilib. Artıq ümumi uzunluğu 11 km olan hava xəttinin çəkilməsi işi yekunlaşıb və 1,8 km məsafədə yeraltı kabel xəttinin çəkilməsi işi aparılır. Ən əsası isə Xankəndi şəhərində müasir şəhər şəbəkəsi modelinə uyğun olaraq 110,35,10 kilovoltluq qapalı tipli yarımstansiyanın tikintisinə başlanılıb. Artıq tikinti işlərinin böyük hissəsi görülüb. “AzərEnerji”nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin sözlərinə görə “Xankəndi” yarımstansiyası işğaldan azad edilən ərazilərdə 110 kV-luq gərginlik sinifi üzrə tikilən ilk qapalı tipli yarımstansiyadır. “Belə ki, burada kabel zirzəmisindən tutmuş 110, 35, 10 kilovoltluq paylayıcı qurğulara, o cümlədən 2 ədəd 63 MVA transformatorlara qədər bütün avadanlıqlar məhz binanın daxilində yerləşdiriləcək”.
Yarımstansiyanın qapalı tipdə tikilməsi daha az yer tutmasına, avadanlıqların uzunmüddətli istismarına, müasir standartlara uyğun estetik görnüşünə, təhlükəsizliyinə və digər amillərə görə daha əlverişlidir. Yeni yarımstansiyada müasir tipli SERJİ yanğından mühafizə sistemindən tutmuş, kiber təhlükəsizliyə qədər bütün tətbiqlər quraşdırılacaq. Qeyd edək ki, “Xankəndi” yarımstansiyasının ərazisində həm də anbar, qazanxana, maşın mexanizmlərinin təmir sahəsi və başqa yardımçı binalar da tikilıir.
“Xankəndi” yarımstansiyasında işlərin yaxın aylarda başa çatması planlaşdırılır.
Həmçinin baxın
Macarıstan hərbiçiləri Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbi hissəsində olublar – VİDEO
Əlahiddə Ümumqoşun Ordunun artilleriya bölmələri taktiki təlim keçirilib – VİDEO
8 Noyabr prospektində asfaltlanma işləri ilə bağlı vəziyyət necədir? – Video
Milyonlarla dövriyyəsi olan qanunsuz şəbəkə ifşa olundu – Həbs edilənlər var – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla