Deputat Araz Əlizadə həbsdə olan bloger Mehman Hüseynovu təhqir edərək, onun ünvanına “yaxşı ki anasını da soyundurub fotosunu çəkməyib” ifadəsini işlətməsi sosial şəbəkələrdə və cəmiyyətdə müzakirələrə səbəb olub.
Əksəriyyət Araz Əlizadənin deputata yaraşmayan ifadə eşlətdiyini və etik normaları pozduğunu vurğulayır.

Yeri gəlmişkən, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 17-ci maddəsinə əsasən, deputat qanunazidd hərəkətlərə, habelə yüksək adına xələl gətirə biləcək davranışa, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verməməli, başqalarını bu cür hərəkətlər etməyə çağırmamalı, Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarının aparılması qaydalarına riayət etməlidir.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanuna əsasən, deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən kobud, təhqiramiz söz və ifadələrə yol verməməli, hüquqi şəxslərin işgüzar nüfuzunu ləkələyən qərəzli hərəkətlər etməməlidir.

Oxumağa dəyər:   Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb

Həmin qanunun 6.3.-cü maddəsində qeyd edilir ki, deputat vətəndaşlarla, o cümlədən seçiciləri ilə münasibətlərində, həmkarları, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli və təmkinli olmalıdır.

Konstitusiyada deputatın mandatdan məhrum edilməsinin əsasları nəzərdə tutulub. Etik davranış qaydalarının kobud pozulması da həmin əsaslar sırasında yer alıb. Belə ki, konstitusiyanın 79-cu maddəsinin 7-ci hissəsinə əsasən, deputat qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda – mandatından məhrum edilə bilər. Vətəndaşın vəfat etmiş anası haqqında təhqiredici ifadələrə yol vermək etika qaydaların kifayət qədər ciddi polulması kimi qiymətləndirilə bilər.
Etik davranış qaydalarının pozulmasına görə deputat Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

 

Maraqlıdır, həbsdə olan bloger Mehman Hüseynovu təhqir etdiyinə görə deputat Araz Əlizadənin məsələsinə parlamentin İntizam Komissiyasında baxıla bilərmi?

 

Milli Məclisin İntizam Komissiyasının üzvü Məlahət İbrahimqızı bildirib ki, istənilən məsələ ilə bağlı mübarizə ədəb – ərkan, mədəniyyət, əxlaq və etika çərçivəsində olmalıdır:

Oxumağa dəyər:   "Quska"ya cəza istəniləcək - İstintaq yekunlaşdı

“Mənim düşüncəmə görə, hər bir məsələ ilə bağlı mübarizə kişi kimi aparılmalıdır. Burada kişi  cinsiyyət anlayışı kimi nəzərdə tutulmur. Bizdə kişi sözü həm də insanlıq, mərdlik, düzgünlük rəmzi deməkdir. İnsan ən anlaqsız vəziyyətdə olduqda belə, etika qaydalarından kənara çıxmamalıdır. Ədəb, mərifət, etika bizim Azərbaycan xalqının ən böyük dəyərləridir. Allah təala dünyada nə qədər canlı yaradıb. Ancaq insanı onlardan fərqlənidrən iki cəhət var. Biri onun ağlı, digəri isə ədəbidir”.

 

İntizam Komissiyasının üzvü  qeyd edib ki, mətbuatda, iclaslarda, ictimaiyyət  içərisində bu cür danışıqlara, davranışlara yol verilməməlidir.

 

“Bizim qadınlarımız, anamız, övladlarımız, nəvələrimiz var. Biz öz ailəmizin yanında etikadan kənar danışa bilərikmi? Xeyr! Hesab edirəm ki, kimsə etikadan kənar danışırsa da mətbuat onu verməməlidir. Əvvəllər belə bir şey var idi ki, kimsə etikadan kənar danışanda onun sözü qara xətt ilə verilirdi. Mətbuat dedikdə təkcə xəbər yazmaq başa düşülmür. Mətbuatın funksiyalarından biri maarifləndirmək və əyləndirməkdir. Mən sizin vasitənizlə də bütün mətbuat nümayəndələrindən xahiş edirəm ki, kimsə elə ifadələr işlədəndə onu verməsinlər”.

İstinadlar modern.az